Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin bu aydan dərs yükü norması artırılacaq
Müəllimlərə şad xəbər

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin bu aydan dərs yükü norması artırılacaq və əməkhaqqı da bu artım normasına uyğun olaraq hesablanacaq. Hətta bu müəllimlər dərs yükünün artırılması üçün ehtiyac yarandıqda öz ixtisası olmayan fənləri də tədris edə biləcəklər. Təhsil ekspertləri isə deyirlər ki, müəllimlərin öz ixtisası olmayan fənləri tədris etməsi müsbət effekt verməyəcək.

12 bölgə üzrə diaqnostik qiymətləndirmədə iştirak edən 26 min müəllimdən 25 min 431-i keçid balını toplayıb.

Təhsil Nazirliyinin şöbə müdiri İlham Nağıyev deyir ki, qiymətləndirmədən keçən müəllimlərin dərs yükü avtomatik olaraq 6 saat artırılmayacaq. Sadəcə olaraq əməkhaqqı stavkaya uyğunlaşdırılacaq, əvvəl 12 saat olan 1 stavka indi 18 saatla hesablanacaq. Qiymətləndirmədən keçən müəllimə daha çox dərs saatı veriləcək.

Zəruri hal yarandıqda da başqa müəllimi əvəzləmək üçün qiymətləndirmə yüksək nəticə göstərənlərə üstünlük veriləcək və onlara əlavə saat ayrılacaq.

Bu zaman müəllimlər öz ixtisasından əlavə fənləri də tədris edə bilər. Məsələn, ibtidai sinif müəlliminin nəğmə, idman dərsini keçməsinə icazə verilir.

Ancaq Təhsil Şurasının sədri Əjdər Ağayev hesab edir ki, dərs yükünün artırılması məqsədilə müəllimlərin öz ixtisasına uyğun olmayan fənləri tədris etməsi müsbət effekt verməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə