Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur təşkil edilib. SİA xəbər verir ki, mediaturda 20-dən çox KİV nümayəndəsi təhsil nazirinin "İmtahan sessiyasının təşkili və keçirilməsi" barədə əmrinə əsasən imtahanı izləyib.
Media təmsilçiləri universitetin imtahan keçirilən auditoriyalarında imtahanların gedişini izlədikdən sonra cavabların yoxlanılması prosesi ilə yaxından tanış olublar.
ADNSU-nun rektoru Mustafa Babanlı jurnalistlərə bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə imtahanlar yazılı formada həyata keçirilir: "Yazılı imtahan həyata keçirməkdə əsas məqsədimiz tələbələrin bilik səviyyəsini daha da yüksəltmək və imtahan prosesində şəffaflığı təmin etməkdir. Test imtahanları olanda tələbələr suallara əvvəlcədən hazırlaşır, cavabları əzbərləyirlər. Bu da onlarda bir qədər passivlik yaradır. Düzdür yazılı imtahanı yenidən bərpa etsək də imtahan suallarını nisbətən sadələşdirdik. İmtahanların nəticəsindən 75 faiz müsbət nəticə gözləsək də, 95 faiz müsbət nəticə var".
Universitetin İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin (İKTM) rəisi, dosent Osman Mirzəyev isə bildirib ki, imtahan prosesi şəffaflığın qorunması şərtilə gərgin iş şəraitində keçir: "ADNA-da Geoloji kəşfiyyat, Qaz-neft mədən, Kimya texnologiya, Neft-mexanika, Energetika, İstehsalat proseslərinin avtomatlaşdırılması, İqtisadiyyat, iqtisadi münasibətlər və menecment fakültələri var. ADNA-da imtahanlar kameralarla təhciz edilmiş auditoriyalarda qarışıq qrup şəklində keçirilir. İmtahanı qrupların sayı qədər nəzarətçilər müşahidə edirlər. Nəzarətçilər imtahanda iştirak edən fakültə qruplarının müəlimləri deyil, başqa fakültələrin nümayəndələrindən ibarət olur. İmtahana 2 saat vaxt ayrılır və biletlər 5 sualdan ibarət olur. Yazılar anonim şəkildə götürülüb kodlaşdırılır. İmtahanların gedişi ilə bağlı qurulan bu sistem şəffaflığın qorunmasına yüksək təminat verir. İmtahanlar İmtahan Mərkəzindən idarə olunur".
Qeyd edək ki, universitetdə imtahan prosesinin müşahidə olunması üçün valideynlərin iştirakına şəraiti yaradılıb. Hər bir tələbənin valideyni şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanlarda iştirak edə bilib. ADNSU-da qiyabi bölmə üzrə imtahanlar dekabrın 22-dən, əyani bölmə üzrə isə dekabrın 29-dan başlayıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB