"İlk növbədə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı müstəqil dövlətimizin gənc kadr potensialının formalaşdırılması istiqamətində ən mühüm sənədlərdən biri kimi dəyərləndirmək lazımdır". Bu fikirləri SİA-ya Azərbaycan Gənc Alim, Aspirant, Magistrlar cəmiyyətinin sədri İlqar Orucov 2016-cı ildə yekunlaşan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı şərh edərkən deyib.
İlqar Orucov bu proqramın hazırlanmasına məsul olan, müxtəlif aidiyyatı qurumlardan formalaşdırılmış işçi qrupunda Azərbaycan Milli Elmlər Akademiyasını təmsil etdiyini bildirərək qeyd edib ki, o zaman işçi qrupu kifayət qədər mükəmməl təkliflərlə bu proqramın formalaşmasına nail ola bilib: "Ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramından mükəmməl bir sənəd kimi artıq xeyli sayda savadlı və bilikli gənclərimiz istifadə edə bildi. Dövlət Proqramının müvəffəqiyyətlə başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. Belə ki, bu ilki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb. "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əsas məqsədləriölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından respublikamızın müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət idi. Neft gəlirlərinin bir hissəsinin gənclərin təhsil almasına yönləndirməkdən doğru ideya ola bilməzdi və bunu da Azərbaycan dövləti etdi. Bununla da gənclər üçün yeni və unikal imkanlar açılmış oldu".
İlqar Orucov dövlət proqramı vasitəsilə xaricə təhsil almaq üçün gedən gənclərin bir çoxunun sonradan ölkəyə dönməməsi məsələsinə də aydınlıq gətirib. İ. Orucov qeyd edib ki, biz bu məsələni hər zaman müzakirə etmişik: "Əgər dövlət öz vəsaitini xərcələyirsə, deməli xaricdə təhsil almış gənc də peşəkar və yüksək ixtisaslı kadr kimi gəlib bir müddət dövləti üçün işləməlidir. Yəni düşüncəsini, modern biliyini cəmiyyətimizə transfer etməli, ölkəni məhz biliyi ilə irəli aparmalıdır. Düzdür onların vətənə dönməmələrində zərərli bir tendesiya görmürəm amma bu gənclər ölkəyə qayıtsalar, məsul işlərdə çalışsalar daha da yaxşı olar. Təbii ki, hər bir gənc Azərbaycanın övladıdır və onlar harada olmalarından, hansı ölkədə çalışmalarından asılı olmayaraq Azərbaycanı təmsil edirlər. İnanırıq ki, dünya yeni Azərbaycan insanının intellektual səviyyəsini məhz bu gənclərin timsalında daha aydın görəcəkdir. Hesab edirəm ki, bu proqram yenidən işlənməli, davam etdirilməlidir. Proqramın qəbulundan artıq 8 il vaxt keçir və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən sahələrə yenidən baxılmalı, o sahələrdə gənclər önə çəkilməlidir. Eyni zamanda ölkəmizdə orta təhsildən başlayaraq ali təhsilimizi dünya standartlarına gətirib çıxarmalıyıq. Bu proses paralel getməlidir ki, yeni uğurlara imza ata bilək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB