Dayısına məktub yazan məktəbli BİRİNCİ OLDU

Dayısına məktub yazan məktəbli BİRİNCİ OLDU

Respublikanın orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər üçün mütəmadi olaraq inşa yazı müsabiqələri təşkil olunur. Əsas məqsəd gənclərin biliyə marağının artırılması, Azərbaycan tarixinin və mə­­dəniyyətinin, vətənpərvərlik ruhunun təbliğ olunması ola inşa yazı müsabiqələrində şagirdlər böyük maraqla iştirak edir, bilklərini daha da artırırlar. Bu müsabiqələrin ən üstün cəhətlərindən biri də odur ki, şagirdlər hiss etdiklərini qələmə alır, bir-birinə yaxınlaşır, istedadlarını üzə çıxarırlar. SİA bu günlərdə keçirilən "Məktub" inşa yazı müsabiqəsinin qalibi olmuş Bakı Slavyan Universiteti nəzdində Məktəb Liseyinin 5-ci sinif şagirdi Bağırov Yunsurun yazısını təqdim edir.

-Hörmətli məktub!

Dayı salam. Salamdan sonra bizim vəziyyətimizlə maraqlanmaq istəsən, sağ və salamat varıq. Sənin də sağlam və gümrah olmağını uca Allahdan diləyirik. Dayı biz yaxşıyıq. Mən bu il Bakı Slavyan Universiteti nəzdində Məktəb Liseyinə daxil olmuşam. Məktəbdə dərslərimiz çox maraqlı keçir. Müəllimlərimiz bizi hərtərəfli hazırlaşdırırlar. Dərslərimizlə yanaşı bizi Bakı şəhərində müxtəlif yerlərə ekskursiyalara da aparırlar. Biz çoxlu yeni şeylər öyrənirik. Evdə də hər şey qaydasındadır. Atam, anam və bacım da yaxşıdırlar. Tez-tez cəbhə haqqında söhbətlər olur. Səni yada salırıq. Dayı yaz görək siz necəsiniz? Burada havalar soyuyub. Sizə qış hərbi geyimi veriblərmi? Yəqin ki, Qarabağda-cəbhə bölgəsində havalar daha da soyuqdur. Qonşumuzun oğlu Araz əsgərlikdən yenicə gəlib. Görməyə getmişdik. Danışırdı ki, indi əsgərlərimizə hər şeyi bol verirlər. Atam dedi ki, düz deyir. Azərbaycanın həbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Prezidentimiz, Ali baş komandan cənab İlham Əliyev hərbiyə, həmçinin əsgərlərimizə xüsusi diqqət və qayğı göstərir. Ona görə də hərbiçilərimiz ərzaq, geyim və digər zəruri şeylərlə çox yüksək səviyyədə təmin olunurlar. Bu bizi sevindirir. İnanırıq ki, əsgərlərimiz tezliklə torpaqlarımızı erməni işğalından azad edəcəklər. Dayı məktubunda yazmışdın ki, xidmət zamanı yaxşı nəticələr göstərdiyin üçün məzuniyyətə buraxacaqlar. Gələndə mənim üçün əsgər papağı və kəməri gətirməyi unutma. Dayı sağollaşmazdan əvvəl bildirmək istəyirəm ki, biz səni çox istəyirik, can sağlığı arzulayırıq və yolunu səbirsizliklə gözləyirik. Sağ və salamat ol.

Hörmətlə, ailəmiz adından Yunsur.

Bütün xəbərlər Facebook səhifəmizdə