Təhsil Nazirliyi mətbuat konfransında bir sıra sualları CAVABLANDIRIB
Bu gün Təhsil Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, mətbuat konfransında nazirliyin şöbə müdirləri, təhsil ekspertləri iştirak ediblər.
Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov ilk öncə 2015-ci ildə nazirliyin gördüyü işlər barədə KİV nümayəndələrinə məlumat verib.
Daha sonra nazirliyin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, bu ilin noyabr-dekabr aylarında respublikanın 9 rayon və 3 şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib: "Diaqnostik qiymətləndirmədən uğurla keçən müəllimlərin əmək haqları 2016-cı ilin yanvar ayının 1-dən etibarən artırılacaq. Hazırda diaqnostik qiymətləndirmə ümumtəhsil müəssisələrində çalışan müəllimləri əhatə edir. Sonrakı mərhələdə isə digər pedaqoqların, labarantların, kitabxanaçıların, habelə peşə məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilə bilər. Bu yaxın gələcəkdə nəzərdə tutulmayıb".
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmirullayev bildirib ki, son zamanlar bəzi məktəb dərsliklərində aşkarlanan səhvlərlə əlaqədar olaraq nazirlik ekspertlərin, həmçinin də ictimaiyyətin rəyini nəzərə alır: "Amma nəzərə alın ki, dəsrliklərlə bağlı məsuliyyət birbaşa Təhsil Nazirliyinin üzərinə düşmür. Dərsliklərdəki hər hansı səhvlə bağlı nazirlikdən gözləntilər düzgün deyil. Təbii ki, dərsliklərlə bağlı ictimai rəy olacaqsa, biz işimizi buna uyğun quracağıq".
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev isə qeyd edib ki, ali məktəblərdə çalışan müəllim-professor heyətinin maaşı 1000 manata yaxındır: "Ali məktəblərin təhsil haqlarından əldə olunan gəlirlərin 75 faizi müəllimlərin əmək haqlarına sərf olunur".
Sonda 2015-ci ilin yekunlarına dair Təhsil Nazirliyinin video-çarxı nümayiş olunub, bir qrup jurnalistə bayram münasibətilə hədiyyələr təqdim edilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB