Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə dünya şöhrətli Azərbaycan müğənnisi, unudulmaz sənətkar Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Universitetdən SİA-ya verilən xəbərə görə, xatirə gecəsində ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi.
Tədbir tələbələrin Rəşid Behbudovun ifa etdiyi "Необыкновенные глаза" mahnısını oxuması ilə başladı. Daha sonra zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudovun həyat və yaradıcılığı, Azərbaycanın musiqi və kino sənətindəki fəaliyyəti haqqında məlumat verildi, həmçinin mədəniyyətimizin xarici ölkələrdə tanınması və populyarlaşmasındakı böyük rolundan bəhs edildi.
Tədbirdə tələbələr tərəfindən ssenari müəllifi Boris Laskin və Nikolay Rojkov olan, baş rolu Rəşid Behbudovun oynadığı "Bəxtiyar" filmindən səhnəciklər nümayiş olundu, eyni zamanda görkəmli müğənninin repertuarından musiqilər səsləndirildi.
Xatirə gecəsində qonaq qismində iştirak edən xalq artisti Ağadadaş Ağayev Rəşid Behbudovun və öz repertuarından mahnılar ifa etdi.
Sonda çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov universitetin müəllim-tələbə heyətini qarşıdan gələn "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni il bayramı münasibəti ilə təbrik etdi, onlara uğurlar arzuladı. Rəşid Behbudovun böyük şəxsiyyət olduğunu söyləyən Dünyamin Yunusov onun 100 illik anım gününün yüksək səviyyədə hazırlandığını sözlərinə əlavə etdi, təşəbbüsün həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Anım mərasimi xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB