Azərbaycan Dillər Universitetində (ADU) universitetin Mülki müdafiə, Tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının təşkilatçılığı ilə həmin kafedranın baş müəllimi Sədaqət Musayevanın "Sağlam fərdlər sağlam ailənin təməlidir" layihəsi çərçivəsində "Çox rast gəlinən infeksiyalar" adlı tədbir keçirildi. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə açılış nitqi ilə çıxış edən adıçəkilən kafedranın müdiri, dosent Sevda Zamanova tədbirin yoluxucu infeksion xəstəliklərə həsr olunduğunu dedi. Tədbirin keçirilməsinin əsas məqsədinin tələbələri maarifləndirmək olduğunu diqqətə çatdıran S. Zamanova aktual mövzulara həsr olunan belə tədbirlərin ənənə halına çevrildiyini sözlərinə əlavə etdi. Sonra o, mövzu ilə bağlı tələbələrə məlumat verəcək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının əməkdaşlarını təqdim etdi.
Respublika Taun Əleyhinə Stansiyasının əməkdaşları Sevinc Baxışova və Lətafət Cabbarova infeksion xəstəliklər haqqında geniş məlumat verdilər. Eyni zamanda onlar həmin viruslardan qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına riayət etməyin və profilaktik tədbirlərə diqqət yetirməyin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Sevinc Baxışova qripin təhlükəli olması, onun tipi və yaranma səbəbləri, ekologiyası, inkubasiya dövrü, simptomları və pandemiyası haqqında danışdı.
Daha sonra çıxış edən Lətafət Cabbarova quduzluq, qarayara, bruselyoz və taun xəstəlikləri barəsində ümumi məlumat verdi, onların növü, yoluxma yolları, baş vermə səbəbləri, ilkin əlamətləri və müalicəsi haqqında danışdı. O, həmçinin ağız, boğaz nahiyyəsini yumaqla bu xəstəliklərə yoluxmanın qarşısının alına biləcəyini vurğuladı.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB