AMEA-da Qazax alimlərlə görüş keçirilib

AMEA-da Qazax alimlərlə görüş keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında Beynəlxalq Türk Akademiyası ilə bağlanmış müqaviləyə əsasən AMEA rəhbərliyi ilə Qazaxıstan Akademiyasının nümayəndələri arasında görüş keçirilib.

SİA xəbər verir ki, görüşdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq onların burada iştirakından məmnunluq duyduqlarını vurğulayıb: "Azərbaycan-Qazaxıstan əlaqələri Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərindən sürətlə inkişaf etməyə başlayıb və bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sıx əlaqələr davam edir. Azərbaycan və Qazaxıstanı ortaq tarixi kök, mədəniyyət, ədəbiyyat və s. digər xüsusiyyətlər birləşdirir. Bizim əlaqələrimiz dostluq və qardaşlığa əsaslanır. İki ölkə arasında digər sahələrdə olduğu kimi elm sahəsində də geniş əməkdaşlıq mövcuddur".

Çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Beynəlxalq Türk Akademiyası (BTA) və AMEA arasında 2014-cü ildə imzalanmış müqaviləyə əsasən belə qarşılıqlı görüşlər tez-tez keçirilir: "BTA-nın təşəbbüsü ilə "Ortaq türk tarixi" kitabı yazılır. Eyni zamanda "Atalar mirası" adlı kitab da bizim ortaq layihəmizin bəhrəsidir. Həmçinin "Kitabi-Dədə Qorqud" dastanının hər iki nüsxədə olan variantı da BTA-nın təşəbbüsü ilə latın əlifbasına tərcümə ediləcək. Biz dünən BDU-da Qazax xanlığının 550 illiyini böyük təmtəraqla qeyd etdik. Qarşılıqlı əlaqələrimiz bundan sonra da davam etdiriləcək".

Beynəlxalq Türk Akademiyasının (BTA) nümayəndəsi öz çıxışda qeyd edib ki, akademiya üzv dövlətlərlə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində maraqlıdır: "Bizim layihələrimizdə Azərbaycan alimləri yüksək səviyyədə iştirak edirlər. Azərbaycan Arxeologiya İnstitunun alimlərinin Altaya səfəri təşkil edilib".

Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev Oksikbayeviç Azərbaycan-Qazaxıstan arasında mehriban dostluq, qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini vurğulayıb: "Düşünürəm ki, hər iki ölkə başçısı möhkəm əlaqələrimizin davam etdirilməsində yüksək iradə sərgiləyir".

Sonda Beynəlxalq Türk Akademiyasının layihələrində səmərəli fəaliyyətinə görə akademik İsa Həbibbəyli BTA tərəfindən "Dostluq" ordeni ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə