ADU-da tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Skandinaviya mərkəzinin təşkilatçılığı ilə Norveçin dünya şöhrətli rəssamı Edvard Munkun 152-ci ildönümü ilə bağlı tədbir keçirilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svedsen iştirak edirdi.

Öncə Skandinaviya mərkəzinin baş mütəxəssisi Vüsalə Əfəndiyeva iştirakçılara tədbir haqqında qısa məlumat verdi. Bununla yanaşı V.Əfəndiyeva semestr ərzində Skandinaviya mərkəzinin təşkilatçılığı ilə keçirilən seminar və tədbirlər barəsində də danışdı.

Norveçin dünya şöhrətli rəssamı Edvard Munkun yaradıcılığını əks etdirən təqdimatda Vüsalə Əfəndiyeva onun həyatı, əsərləri haqqında iştirakçılara ətraflı məlumat verdi.

Daha sonra Beynəlxalq şöbənin əməkdaşı Qaratel Quluzadə "İmpressionizm və ekspressionizm", Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında təhsil alan tələbələri Röya Baxşəliyeva "Munk muzeyi", Nuranə Mirzəyeva isə Edvard Munkun "Qışqırıq" əsəri haqqında təqdimatla çıxış etdilər.

Yenidən ADU-da olmaqdan məmnunluğunu dilə gətirən Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svedsen Edvard Munkun Norveç mədəniyyətində xüsusi yer tutduğunu vurğuladı.

Qeyd edək ki, tədbirdə E.Munka məxsus rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə