Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə "Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. SİA-nın məlumatına görə, imzalanma mərasimində təhsil naziri Mikayıl Cabbarov çıxış edib.
Təhsil naziri bildirib ki, "Thomson Reuters" şirkəti dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısıdır: "Onlarla əməkdaşlıq rəqabətqabiliyyətli insan kapitalının hazırlanması siyasətinə əsaslanır və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədi daşıyır. Əminəm ki, əməkdaşlığımız Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə təkan verəcək".
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə çıxışında ali təhsil müəssisələri üçün qlobal elmi baza olan "Web of Science®" platformasına və "İnCites™" bazasına çıxış imkanlarının yaradılmasının əhəmiyyətindən danışaraq qeyd edib ki, əməkdaşlıq sənədinin imzalanması Azərbaycan elmi üçün mühüm hadisədir.
"Thomson Reuters"in dövlət layihələri üzrə prezidenti Sameh S. Əl-Din Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirib ki, dünyada məşhur elmi platforma olan "Thomson Reuters"ə çıxışın Azərbaycanda elmin inkişafına güclü təkan verəcək, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacaq.
Daha sonra Azərbaycan Təhsil Nazirliyi ilə "Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi Azərbaycanın təhsil naziri M.Cabbarov və "Thomson Reuters"in dövlət layihələri üzrə prezidenti Sameh S. Əl-Din imzalayıb.
Qeyd edək ki, əməkdaşlıq haqqında müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan "Thomson Reuters Web of Science®" platformasına ("Science Citation İndex Expanded®" (Təbiət elmləri üzrə məlumat bazası), "Social Sciences Citation İndex®" (İctimai elmlər üzrə məlumat bazası), "Arts and Humanities Citation İndex®" (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), "Conference Proceedings Citation İndex®" (Konfrans, konvensiya, simpozium, kollokvium və "dəyirmi masa"ların materialları üzrə məlumat bazası)), eləcə də şirkətin əsas məhsulu olan "Thomson Reuters İnCites™" bazasına tam çıxış əldə edəcək.
"Thomson Reuters İnCites™" dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə alətidir. Hazırda "İnCites™" platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB