Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr" mövzusunda Respublika elmi konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, bir çox universitetlərin, kolleclərin, məktəb-liseylərin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Q. Novruzov tədbiri açaraq konfransın işi haqqında məlumat verib. O, ölkəmizdə təhsilin inkişafı istiqamətində aparılan islahatlardan danışıb. Direktor təhsildə olan problemlərin həlli üzrə həyata keçirilən işlərdən söz açıb.
Nazir müavini F. Qurbanov müəllimlik peşəsinin müqəddəsliyini, müasir müəllimlərin daha bacarıqlı olmasının vacibliyini vurğulayıb. O, müəllimlərin şagirdlərin ancaq dərsləri ilə yox, psixoloji durumları ilə də maraqlanmalı olduqlarını bildirib.
Nazir müavini təhsil sahəsindəki mövcud problemlərdən, onların aradan qaldırılması üçün görülməli olan işlərdən söz açıb. F. Qurbanov müəllimlərə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, konfransın keçirilməsində məqsəd Dövlət Strategiyasına əsasən pedaqoji elmlərin vəzifələrinin müəyyənləşdirilməsi, Respublikada səriştə əsaslı nəticəyönümlü yeni təhsil məzmununun yaradılması məsələlərinin reallaşdırılması üçün konkret təkliflərin hazırlanmasıdır.
Konfransa 126 məruzə mətni daxil edilib. Tədbir zamanı konfransın materialları çap olunmuş şəkildə iştirakçılara paylanılıb. Plenar iclasdan sonra, günün ikinci yarısı konfrans işini bölmə iclaslarında davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB