Niyə gənclərimiz xaricdə təhsilə meyllidir? MÜNASİBƏT

Niyə gənclərimiz xaricdə təhsilə meyllidir? MÜNASİBƏT

Müasir Azərbaycan gəncliyinin müəyyən hissəsi daha çox xaricdə təhsil almağa, həmin ölkələrin adət-ənənələrini, mədəniyyətlərini mənimsəməyə, kariyeralarını da orada quraraq qalıb yaşamağa meyl göstərirlər. Bunun səbəbi nədir?

SİA bu sualın cavabını ekspertlər və xaricdə təhsil almış uğurlu gənclərdə axtarıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunun əməkdaşı Rahu Qurbanova: "Düşünürəm ki, hazır beyinlər ölkəmizin inkişafına daha çox fayda verə bilər".

"Mən Almaniyada təhsil almışam. Bu ölkəni seçməkdə mənə həm alman xalqının mədəniyyətinə olan heyranlığım, həm də alman dilini daha dərindən öyrənmək istəyim güclü təkan olub. Orada mənə Almaniya Bundestaqından tutmuş, bir sıra yerlərdən iş təklifləri gəlib. Ancaq mən öz dövlətimdə işləməyə üstünlük verdim. Hər bir azərbaycanlı gənc xaricdə qazandığı bilik və təcrübəni ölkəmizin inkişafı yolunda tətbiq etməlidir".

Psixoloq Fərəh Quliyeva: "Bəzən gənclərimiz qonşudan geri qalma məsəli çərçivəsində yanaşmalar edirlər, yəni mən də dostum kimi xarici ölkədə təhsil almalıyam".

"Təhsillə bağlı xaricə üz tutan tələbələrimiz çoxdur. Onlar hətta təhsillərini başa vurub orada kariyeralarını da qururlar. Ancaq daha yaxşı olar ki, seçim etmədən öncə çox düşünsünlər: Xaricdə təhsil mənə nə verəcək? Nə üçün kariyeramı məhz təhsil aldığım xarici ölkədə qurmalıyam? Burada bir məsələ də var ki, bəzən valideynlər öz övladlarına seçim imkanı vermədən özləri qərar verirlər. Nəticədə birdən-birə yad ölkəyə düşən gəncdə adaptasiya problemləri yaranır. Əlavə etsək ki təhsillə bağlı dərslərin ağırlıq və fərqlilik dərəcəsi, çevrəsinə uyğunlaşma prosesi gənclərin əksəriyyətində gərginlik depressiya yarada bilər. Təhsil almaq, aldığın təhsilin elmi tətbiqini ölkəmizdə həyata keçirmək bizim üçün daha əhəmiyyətli olmalıdır. Azərbaycanda olduqca gözəl təhsil sistemi var, təhsilini uğurla başa vuran tələbələrimiz isə olduqca gözəl kariyera qurub vətənə, xalqına yararlı vətəndaş olmalıdırlar".

Təhsil üzrə ekspert Kamran Əsədov: "Ölkәmizin iş bazarında özünә layiqli yer tutmaq istәyәn gәnclәrimizin әksәriyyәti ali tәhsillәrini xaricdә almağa üstünlük verirlәr".

"Son illәr xaricdә ali tәhsil almaq istәyәn gәnclәrimizin sayı çoxalır. Azәrbaycanlı gәnclәrin ölkә üçün vacib ixtisaslar üzrә xaricdә tәhsil almalarını vә ölkәnin inkişafının mühüm amilinә çevrilmәlәrini tәmin etmәk mәqsәdilə Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyev 2006-cı il oktyabrın 19­-da "Azәrbaycan gәnclәrinin xarici ölkәlәrdә tәhsil almasına dair Dövlәt Proqramı haqqında" sәrәncam imzalayıb. Hәmin sәrәncama uyğun olaraq, hazırlanan vә ölkә başçısının 16 aprel 2007-ci il tarixindәki daha bir sәrәncamı ilә tәsdiq edilәn "2007 - ­2015­ci illәrdә Azәrbaycan gәnclәrinin xarici ölkәlәrdә tәhsili üzrә Dövlәt Proqramı"nda istedadlı Azәrbaycan gәnclәrinin xaricdә tәhsilinin tәşkili istiqamәtindә vahid sistem yaradılıb. Xaricdə təhsil almaq gənclərə ingilis dili və digər dünya dillərinə peşəkar səviyyədə yiyələnmək və öz sahəsini ilk qaynaqdan oxumaq imkanı yaradır. Mən belə hesab edirəm ki, növbəti 5 ildə xaricdə təhsil artıq kriteriya olacaq. Çünki, Azərbaycanda xarici şirkətlər, təşkilatlar çoxalır. Çalışırlar ki, onların mədəniyyətini, təhsilini görmüş adamlarla işləsinlər. Azərbaycanda hal-hazırsa yüksək savad və bilik göstəricisi TQDK-nın imtahanlarında yüksək bal toplamaqla ölçülür. İnfrastruktur problemimiz var. Kampus sistemi yoxdur. Bu gün Azərbaycanda dünya universitetləri formatında, şəraitində ali təhsil müəssisələri yaratmağa ehtiyac var. Düzdür, artıq buna başlanılıb. Məsələn, Diplomatik Akademiya, Bakı Ali Neft Məktəbi artıq dünyanın ən nüfuzlu universitetlərinə bənzəyir. Bundan başqa, Təhsil Nazirliyi Sabah qrupları yaradıb ki, burda tədris tamam fərqli həyata keçirilir. Amma bunların hamısının ümumilikdə ətrafına toplağıdı gənclərin sayı, ümumi tələbə sayımızın heç 1 faizi nisbətində deyil".

Türkiyə Qazi Universitetinin magistr pilləsi üzrə məzunu Aytək Məmmədli: "Yaxşı təhsil almış gənclərə Azərbaycanın ehtiyacı var".

"Təhsil aldığım ixtisas bizim ölkədə tədris olunmur və buna görə xəyallarımdakı ixtisasdan imtina edə bilməzdim. Məni Türkiyəyə gətirən əsas səbəb Nanotexnologiyadir. Onu da deyim ki, Qazi Universiteti Türkiyədə ən çox etimad olunan universitetlərdən biridir. Burada sevdiyim və vətənim üçün lazım olan ixtisası oxumaq şansı əldə etmişəm. Bu, hazırda dünyada mənim üçün qazana biləcəyim ən böyük uğurdur. Oxuduğum fakültədə laborant kimi çalışıram. Bundan başqa Türkiyənin Baş Nazirlində Siyaset ve Beynəlxalq Münasibətlər dərsi almışam ve təcrübə proqramında iştirak etmişəm. Hal-hazirda burdan aldığım çox iş təkliflərindən imtina edib Azərbaycana köçməyi düşünürəm. Azərbaycana qayıdıb topladığım təcrübə ilə ən yaxşı şəkildə bu ixtisası tədris etmək və ya ölkəm üçün bu işin uğur gətirəcəyi başqa bir profildə çalışmaq istəyirəm. Bu gün xaricdə təhsil alan gənclər prioritet ixtisaslar seçməlidirlər ki ,vətənimiz millətimiz üçün ən yaxsısını edə bilsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə