Azərbaycan Gənclərinin Maarifçilik Forumu keçirilib

Azərbaycan Gənclərinin Maarifçilik Forumu keçirilib

Bu gün Gənclər üçün Təhsil Mərkəzi, "Kaspi" qəzeti və "Mənim təhsilim, mənim gələcəyim!" kampaniyasının birgə təşkilatçılığı ilə Azərbaycan Gənclərinin Maarifçilik Forumu keçirilib. SİA xəbər verir ki, forumda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və gənclər təşkilatlarının sədrləri iştirak ediblər.

Çıxış edən mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə forumun məqsədi haqqında məlumat verib. O bildirib ki, forumun əsas məqsədi gəncləri maarifçilik ideyalarına cəlb etməkdir: "Azərbaycanın parlaq gələcəyi üçün təhsilli, maarifçi gənclərə ehtiyacı var. Maarifçilik hərəkatının gələcəkdə davamçıları indiki gənclərdir".

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev maarifçilik ideyalarının Azərbaycanda yayılması və onun həyata keçiriməsində müstəsna xidmətləri olan şəxsiyyətlərdən bəhs edərək deyib ki, maarifçilik ideyası "Kaspi" qəzetinin əsas istiqamətidir: "Biz hər zaman qəzetimizdə gənclərə özlərini cəmiyyətə təqdim etmələri üçün tribuna vermişik. Bundan sonra da fəal gənclərlə əməkdaşlıq edəcəyik".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin vətəndaşları olaraq gənclər təhsilə olan maraqlarını daha da artırmalıdırlar: "Dövlətimizin əsas prioritet istiqamətlərindən biri də gənclərin elmə olan maraqlarını artırmaq, onların elmin bütün sahələrinə yiyələnmələri üçün hər cür şərait yaratmaqdır. Əsas hədəf ondan ibarətdir ki, sağlam düşüncəli gənclər yetişsin. Gənclər öz dilini mükəmməl bilməli, tarixini araşdırmalı, dünyada gedən inkişafdan bəhrəlnməli, baş verən proseslərdə fəal iştirak etməlidirlər. Düşünürəm ki, bugünkü forum da həmin ideyaların təbliğatına söykənir. Bu gün Azərbaycan gənclərinin yüksək təhsilli olması üçün hər cür şərait yaradılır. Azərbaycan dünyanın siyasi xəritəsində aparıcı dövlətlər siyashısında olmaqla yanaşı öz inkişaf modelini dünyaya bəyan edib. Aparılan dövlət siyasətinin növbəti mərhələyə keçilməsində siz gənclərin üzərinə böyük işlər düşür. Ona görə də hesab edirəm ki, gənclər dünya görüşlü olmalı, Ulu Öndər Heydər Əliyevin gənclərə olan inam və etibarını doğrultmalı, Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər".

İntiqam Babayev son olaraq onu da bildirib ki, gənclər bu ənənəyə sadiq qalaraq cəmiyyət üçün maraqlı olan mövzular ortaya çıxarmalıdırlar: "Əgər bu gün siz gənclər taleyüklü, beynəlxalqmiqyaslı məsələlərə münasibətinizi bildirə bilirsinizsə, demək ki, ölkədə gedən bütün proseslərdə, müzakirələrdə iştirak edə bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm".

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib ki, müasir dövrdə Azərbaycanda maarifçilik ənənələri Ulu Öndər tərəfindən qoyulub: "Yaxın tarixə nəzər salsaq şahidi olarıq ki, yaradılan dövlət qurumlarının əksəriyyəti birbaşa olmasa da, dolayısı ilə maarifçiliyi təbliğ ediblər. Maarifçiliyin təbliğatında isə gənclərin fikrindən, potensialından yetərincə istifadə olunub. Bu da o deməkdir ki, bugünkü gənclər maarifçilk ideyalarının təbliğatçılarına çevriliblər. O cümlədən qəbul edilən bir sıra sənədlər var ki, onlar da bu ənənəyə xidmət ediblər".

Daha sonra Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdikləri fəaliyyətə görə gənclərə və qurumlara "Təhsil açarı" mükafatı təqdim edilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə