Azərbaycan Tələbə Könüllülərinin I Forumu keçirilib FOTOLAR-YENİLƏNİB - VİDEO
Bu gün Azərbaycan Tələbə Könüllülərinin I Forumu öz işinə başlayıb. SİA- nın xəbərinə görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forumda Prezident Administrasiyasının Humanitar siyasət məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, beynəlxalq təşkilatların nümayəndələri və tələbə könüllülər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayan forumda tələbələr arasında könüllülük fəaliyyətindən bəhs edən "Azərbaycan Könüllüləri: "Dünən, Bu gün və Sabah" videoçarxı tqədim olunub.
Çıxış edən təhsil naziri Mikayıl Cabbarov tədbirin mühüm əhəmiyyətindən bəhs edərək qeyd edib ki, könüllülərin forumu ölkəmiz üçün yeni ənənə olan könüllülük hərəkatının təntənəsi, birliyimizin və fərqli düşüncələri ölkəmizin müasirləşməsi və inkişafı hədəflərinə yönəldə bilməyimizin təzahürüdür: "Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən irəli gələn vəzifələr Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə Prezidenti Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyətini daim nəzərə çatdıraraq bunu yüksək qiymətləndirir və onlarla görüşlərdə bu məsələlərə ətraflı yer ayırır".
"Bakı 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində 18 mindən artıq tələbə könüllünün özünəməxsus roluna toxunan təhsil naziri bununla bağlı Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fikirlərinin də tələbə könüllülərə yeni ruh verdiyini nəzərə çatdırıb. M.Cabbarov vurğulayıb ki, artıq tələbə könüllülər yeni keyfiyyətlər-ünsiyyət, təqdimat, təmsilçilik, komanda işi, həmrəylik və birgə əlaqələndirmə vərdişləri əldə ediblər: "Könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcək karyera imkanları qazanmasında, vətəndaş məsuliyyətinin formalaşmasında öz sözünü deyəcək. Ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq digər dünya miqyaslı tədbirlərdə də sizin təcrübəniz uğur açarı olacaq".
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Azərbaycanda könüllülük fəaliyyəti geniş vüsət alıb: "Bunun ən bariz nümunəsini I Avropa Oyunlarında müşahidə etdik. Azərbaycana gələn turistlər oyunlar barədə fikirlərini bölüşəndə ilk olaraq könüllülərin işini yüksək qiymətləndirirdilər. Onu da qeyd edim ki, könüllülük hərəkatı Azərbaycanda yeni deyil. 300-dən artıq gənclər təşkilatı könüllülük prinsipi ilə bir çox layihələr həyata keçirib".
"Gənclər özləri özlərinə inanmalıdır, gənclərin daxilindəki istəyin əsas mənbəyi bizim zəngin Azərbaycan dövləti olmalıdır. Sizin imkanlarınıza və perspektivlərinizə, qarşınızda açılacaq üfüqlərə inamım hüdudsuzdur"-deyə çıxışında qeyd edən Prezident Administrasiyasının Humanitar siyasət məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə bildirib ki, bugünkü Azərbaycan gənclərinə qibtə edirəm: "Hər biriniz müstəqil dövlətin gənclərisiniz. Bu, öz-özlüyündə sizdə böyük bir qürur və fərəh hissi yaradır. Siz xoşbəxtsiniz ki, kədərli günləri görməmisiniz. Siz sərhədləri bərpa olunan Azərbaycanı görəcəksiniz. Vətənin əsgəri olmağa hazır olan hər bir gənc başa düşməlidir ki, ən alınmaz qalamız onun fikri, onun ürəyidir".
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Nato Alhazişvili isə çıxışnda qeyd edib ki, BMT könüllülərin fəaliyyətini hər zaman yüksək qiymətləndirib: "Çünki belə olduğu təqdirdə onlar çox gözəl işlər ortaya qoya bilər. Azərbaycan bu günə qədər könüllülük hərəkatını xüsusi diqqətdə saxlayıb və dəstəkləyib. Vəzifəmiz ən yaxşı işləri və təcrübələri başqalarına göstərməkdir. Bu mənada inanırıq ki, tək gənclərlə bağlı siyasəti deyil, eləcə də könüllülərlə bağlı işləri də başqalarına nümunə göstərə bilərik.
Çıxışlardan sonra "BİR" tələbə-könüllü proqramının təqdimatı olub. Bildirilib ki, proqram pilot layihə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən 10 ali təhsil müəssisəsini əhatə edir. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə cəlb olunacaq, onlara "Əsl tələbə həyatı" modelinə uyğun 6 müxtəlif istiqaməti özündə birləşdirən layihə təqdim ediləcək.
Tədbir tələbələr tərəfindən "Tələbə" mahnısının ifası ilə başa çatıb.
Qeyd edək ki, forum könüllülük həyatının inkişafı, müvafiq istiqamətdə cəmiyyətin maarifləndirilməsi və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması məqsədilə təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB