"Azərbaycan müəllimi özünün maliyyələşməsini uşaq hazırlamaqla təmin edir". Bu fikirləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Onun sözlərinə görə, cəmiyyətdə belə fikir formalaşıb ki, repetitor təhsilindən istifadə etmədən ali məktəbə daxil olmaq mümkünsüzdür: "Valideynləri belə düşünməyə vadar edən səbəb isə orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olması göstərilir. Buna görə də onlar hətta ibtidai sinifdən başlayaraq övladları ilə dərsdən kənar məşğul ola biləcək müəllimlərin xidmətindən istifadə edirlər. Bu, Azərbaycan məktəblərinin proqramı tam yerinə yetirmək gücündə olmaması, müəllimlərin isə dərslərə həvəssiz yanaşması ilə izah olunur. Çünki onların məktəbdən aldıqları məvacib, fərdi hazırlıqdan əldə etdikləri gəlirdən çox aşağıdır".
Kamran Əsədov bildirib ki, son aylar daha aktual olaraq Vergilər Nazirliyinin dərzilər, sənətkarlar, repetitorluqla məşğul olan müəllimlər, eləcə də tərcüməçilərlə bağlı vergiqoyma problemləri var və qurum bu fərdi peşə sahiblərini vergiyə cəlb etmək istəyir: "Bilirsiz niyə testin mövcud olduğu 25 ilə yaxın müddətdə bu məsələ indi bu qədər aktuallaşdı? Çünki, neftin qiyməti aşağı düşüb və dövlət öz ehtiyaclarını daxili imkanları hesabına ödəmək taktikasını tutub. Baxın, bu gün Azərbaycanda 350 mindən çox müəllim var. Çox yox, onlardan 100 mini repetitorluq edirsə və ayda orta hesabla 1000 manat qazanırlarsa, bu ildə 18 milyon manat büdcədən yayınma deməkdir. Hal-hazırda repetitorların vergidən yayınması bir neçə milyon manatla ifadə olunur və mənim fikrimcə, repetitorlar sadələşdirilmiş vergi subyekti olaraq vergiyə cəlb olunmalıdırlar. Bu vergi hesabına müəllimlərin sosial vəziyyətini yaxşılaşdırmaq olar".
Ekspert qeyd edib ki, repetitorların vergiyə cəlb edilməsi mexanizmi var: "Bütün hallarda onlar sadələşdirilmiş vergi subyektləridir. Onların əldə etdikləri dövriyyədən Bakı şəhəri üzrə 4, regionlar üzrə isə 2 faiz civarında vergi ödənilməlidir. Amma təəssüf ki, repetitorların böyük hissəsi VÖEN və mədaxil orderinə malik deyillər. VÖEN-lə işləmədiklərindən də məhz onların dövriyyəsi qeydiyyata alınmır. Qeydiyyata alınmadığından vergi də ödəmirlər. Burada problemli məsələ həmin fəaliyyətlə məşğul olan repetitorların vergidən yayınma istəyilə bağlı deyil. Problem əsasən repetitorların vergi ödəməklə bağlı məlumatlarının olmaması ilə bağlıdır. Ona görə də onların vergiyə cəlb olunmaq istiqamətində ciddi şəkildə məlumatlandırılmasına ehtiyac var. Repetitorlar düşünür ki, Azərbaycanda hər zaman bu kimi fəaliyyətlə məşğul olan insanlar vergi ödəməyib, bu səbəbdən özləri də eyni praktikanı davam etdirirlər. Əslində isə bütün hallarda qanunvericiliyə görə hər hansı bir əməliyyat aparılırsa, birmənalı şəkildə vergiyə cəlb olunmalar baş verməlidir. Repetitorların aylıq gəlirlərini nəzərə alsaq, onların sadələşdirilmiş vergi subyektləri olduğunu görərik. Onların aylıq dövriyyəsi 120 manatdan çox olmadığından sadələşdirilmiş vergi ödəyicisi sayılırlar. Bu istiqamətdə ciddi məlumatlandırma kampaniyası aparılmalıdır ki, proses qanunvericilik əsasında tənzimlənsin".
"Bilirsiz, Əslində bu şəxsin öz biliyini, intellektini satmaq imkanı var, bu da onun mülkiyyətidir. Hər şeyi alıb satmaq üçünsə gərək dövlətin icazəsi olsun. Bunun digər variantı repetitorluq fəaliyyəti göstərmək üçün taksilərdə olduğu kimi lisenziya sisteminə keçilə bilər. Necə ki, müvafiq qurumlar taksi xidməti göstərən maşınların yalnız texniki göstəriciləri uyğun olduğu halda istifadəyə icazə verilir, Müvafiq qurum repititorluq fəaliyyəti göstərəcək şəxsin savad, bilik, təhsil səviyyəsini müəyyən edib onun fəaliyyətinə icazə verə bilər. Bu həm təhsilin inkişafına, həm də digər neqativ halların aradan qalxmasına imkan yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB