Azərbaycanda magistratura təhsilinin iki istiqamətdə aparılması təklif olunur. SİA-nın məlumatına görə, bu haqda fikirlər Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Təhsil haqqında" qanun layihəsinə dəyişiklik müzakirə edilərkən səsləndirilib. Deputatların fikirlərindən sonra komitə sədri İsa Həbibbəyli bildirib ki, hazırda gündəlikdə olan dəyişiklik xüsusi qabiliyyət tələb edən bir sıra sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı olsa da, millət vəkilləri magistr hazırlığının iki istiqamətə ayrılmasını da təklif edirlər.
Onun sözlərinə görə, həm ixtisas, həm də tədqiqat magistraturasının olması təklif olunur: "Tədqiqat magistraturasında oxuyanlara öz ixtisasları üzrə sırf nəzəri biliklərin verilməsi, ixtisas üzrə təhsil alanlara isə praktiki biliklərin verilməsi nəzərdə tutulur. Təkliflərə görə, ixtisas üzrə magistr dərəcəsi alan şəxs yalnız ixtisas üzrə mütəxəssis olacaq. Həmin şəxslərin doktoranturaya sənəd verməsinə icazə verilməyəcək. İkinci istiqamət üzrə təhsil alanlar isə tədqiqatçı olacaqlar. Onlar magistr dissertasiyasını müdafiə edəcək və sonra tədqiqatla məşğul olacaqlar".
Gələcəkdə bu təklifin hazırlanmasının nəzərdə tutulduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB