"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi təklif olunur. SİA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli məlumat verib. Deputat qeyd edib ki, sözügedən Qanunda təklif olunan dəyişiklik xüsusi qabiliyyət tələb edən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin (yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə yaradılması ilə bağlı məhdudiyyətin) aradan qaldırılması ilə bağlıdır. Bildirib ki, bununla da qeyd olunan sahələr üzrə magistr hazırlığının ümumi əsaslarla həyata keçirilməsi mümkün olacaq.
Qeyd edək ki, hazırda xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisaslar üzrə) həyata keçirilir.
Dəyişiklik Milli Məclisin plenar iclasında tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB