“Bizə keyfiyyət lazımdır, kəmiyyəti yox” EKSPERT RƏYİ

“Düşünürəm ki, inzibati cəza qaydasındansa şagirdləri məktəbə cəlb etmək üçün lahiyələr həyata keçirmək lazımdır”.
“Bizə keyfiyyət lazımdır, kəmiyyəti yox” EKSPERT RƏYİ

"Bu qərar layihəsi təhsilə cəlb olunmaya o qədər də müsbət təsir göstərməyəcək". Bu fikirləri SİA-ya təhsil üzrə ekspert Kamran Əsədov məktəblilərin ay ərzində 7 gün dərsə gəlmədiyi təqdirdə valideynlərə 100 manat cərimənin tətbiq olunmasını nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı layihəyə münasibət bildirərkən deyib.

Kamran Əsədov bildirib ki, təhsil inzibati amirlik sistemi ilə idarə olunan sahə deyil: "Bu təhsildə digər neqativ hallara yol aça bilər. İndiyə qədər məktəb rəhbərliyi, müəllimlər şagirdləri məktəbə, dərsə cəlb etməyə çalışırdı, indi isə onlar məcbur olub övladlarını məktəbə yollayacaqlar. Bu davamiyyəti qaldıra bilər. Amma keyfiyyəti qaldırmayacaq. Bizə keyfiyyəti qaldırmaq lazımdır, kəmiyyəti yox. Şagirdləri məktəbə cəlb etmək üçün başqa yollara əl atmaq, şagirdlərin məktəbə marağının artırılması üçün tədbirlər görmək lazımdır. Bu gün məktəbdən yayınanlar kimlərdir? Bular əsasən imkansız ailələrin uşaqlarıdır ki, iş dalınca gedirlər. İkinci kateqoriya isə repititor yanına hazırlığa gedən şagirdlərdir. Daha yaxşı olar ki, qanun layihəsi qəbul olunmazdan əvvəl ictimai müzakirəyə verilsin".

Ekspertin sözlərinə görə, ay ərzində 7 gün dərs buraxan şagird belə çıxır ki, 6 gün dərsdən qala bilər: "Yəni biz dolayısı ilə həm korrupsiyaya şərait yaradırıq, həm də hər bir şagirdə qanuni əsaslarla ay ərzində 6 gün dərsə gəlməməyə icazə veririk. Təsəvvür edin ki, bir ay ərzində 8 gün şənbə və bazar günü var və 6 gün də qanun icazə verir ki, şagird dərsə gəlməsin. Bu, artıq keyfiyyəti çox aşağı salır. Hələ bayram günlərini və rəsmi xəstəliyi haqqında arayış gətirdiyi günləri əlavə etsək, bizə qanun layihəsi imkan verir ki, ay ərzində heç 1 həftə tam dərsə getməyək. Düşünürəm ki, inzibati cəza qaydasındansa şagirdləri məktəbə cəlb etmək üçün lahiyələr həyata keçirmək lazımdır. Məsələn, yaxşı oxuyan şagirdlərə təqaüdlərin verilməsi, dərsə davamiyyəti 100 faiz olan şagirdləri mükafatlandırmaq kimi".

Bütün xəbərlər Facebook səhifəmizdə