Təhsil Nazirliyi ucqar kənd məktəblərində kadr çatışmazlığı məsələsinə AYDINLIQ GƏTİRDİ

"Ucqar kəndlərdə yerləşən təhsil müəssisələrində ciddi kadr çatışmazlığı müşahidə edilmir"
Təhsil Nazirliyi ucqar kənd məktəblərində kadr çatışmazlığı məsələsinə AYDINLIQ GƏTİRDİ

Təhsil Nazirliyindən Azərbaycanın bəzi ucqar kənd və qəsəbə məktəblərində müəllim çatışmamazlığı ilə bağlı açıqlama verilib. Nazirliyin mətbuat xidmətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkənin ümumtəhsil məktəblərində, o cümlədən ucqar kənlərdə yerləşən təhsil müəssisələrində ciddi kadr çatışmazlığı müşahidə edilmir.

Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə nəticəsində cari dərs ilində vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 38 faiz artıb: "Müsabiqədən sonra tutulmayan vakant yerlərin kadr təminatı ilə əlaqədar Təhsil Nazirliyinin təlimatına uyğun olaraq məktəblərə əvəzçilik qaydasında və müddətli müqavilə ilə ixtisaslı müəllimlər cəlb edilib. Hazırda ölkənin ümumtəhsil məktəblərində, o cümlədən ucqar kəndlərdə yerləşən təhsil müəssisələrində ciddi kadr çatışmazlığı müşahidə edilmir. Kənd məktəblərində fəaliyyətə başlayan gənc mütəxəssislərə həvəsləndirmə tədbirlərinin tətbiqi ilə əlaqədar Təhsil Nazirliyinin təşəbbüsləri olmuş və Nazirlər Kabinetinin müvafiq qərarları qəbul edilib".

Nazirlikdən həmçinin o da bildirilib ki, kənd məktəblərində fəaliyyət göstərən 3 mindən çox gənc mütəxəssisə kompensasiya və əmək haqqına əlavə ödənilir: "Gələcək illərdə də gənc mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərimiz bundan sonra da davam etdiriləcəkdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə