Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş konfrans keçirilib

Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş konfrans keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda YUNESKO-nun təsis etdiyi Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Fəlsəfə və Hüquq İnstitutunun direktoru, Fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri Hasan Hami, Sofiya Antipolis Universitetinin departament rəhbəri, fransalı Kristian Vallar, Azərbaycan Respublikasında Misir Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sani və digərləri iştirak edib.

Öncə bir dəqiqəlik sükutla Fransada törədilən terrorda həlak olan insanların xatirəsi yad edilib.

Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə tədbiri açaraq konfrans iştirakçılarını salamlayıb. O, Ümumdünya Fəlsəfə Günü haqqında məlumat verib. Direktor Azərbaycanda elm sahəsinə göstərilən diqqət və qayğıdan danışıb. İ. Məmmədov ölkəmizdə fəlsəfə sahəsində AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda əməli işlər həyata keçirildiyini qeyd edib. O, əlamətar gün münasibəti ilə hər kəsi təbrik edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Ümumdünya Fəlsəfə Gününün təsis olmunmasının əhəmiyyətindən söz açıb, təmsil etdiyi Fondun ölkəmizin elm sahəsində apardığı işlərdən danışıb.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova fəlsəfə elminin əhəmiyyəti, Azərbaycanda bu istiqamətdə aparılan işlər haqqında fikirlərini bildirib.

Daha sonra Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri Hasan Hami fəlsəfi yaradıcılıqda azadlıq, müdriklik və manipulyasiya, fransalı qonaq, Sofiya Antipolis Universitetinin departament rəhbəri Kristian Vallar İslamın öyrənilməsinin fəlsəfi və hüquqi aspektləri mövzularında çıxışlar ediblər.

Tədbirdə, həmçinin Azərbaycan muğamının fəlsəfi tədqiqinə və tədrisinə diqqətin artırılması, fəlsəfənin müasir problemləri, dünya nizamı müasir fəlsəfənin prioritet problemləri kimi və digər mövzularda məruzələr dinlənilib.

Konfransda Sofiya Antipolis Universitetinin departament rəhbəri, fransalı Kristian Vallara AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

Qeyd edək ki, Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş Beynəlxalq elmi konfrans AMEA-nın 70 illik yubileyi çərçivəsində keçirilən tədbirlər planına daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə