Gənclər ölkə başçısının sərəncamını DƏSTƏKLƏYİR

Gənclər ölkə başçısının sərəncamını DƏSTƏKLƏYİR

"Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkə əhalisinin, xüsusilə də tələbələrin böyük sevincinə səbəb oldu. Bu Sərəncamın hətta ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilməsi alqışa layiq addımdır. Məlum Sərəncamla bağlı tələbə və gəncləri öz ətrafında birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGT) sədri Şahin İsmayılovun, həmçinin Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyasının (ASGA) sədri Səbuhi Abbasovun fikirlərini öyrənməyə çalışdıq.

"Tələbə gənclər təhsil göstəricilərini artırmaqla, öz sosial vəziyyətlərini yaxşılaşdırmış olacaqlar". Bunu SİA-ya açıqlamasında ATGT sədri Şahin İsmayılov bildirib.

Onun sözlərinə görə, daim gənclərin sosial problemlərini diqqət mərkəzində saxlayan, onların həyat şəraitlərinin yüksəldilməsinə xüsusi qayğı göstərən cənab Prezident İlham Əliyev növbəti dəfə gəncləri, cəmiyyətimizin aparıcı qüvvəsi, ölkəmizin gələcəyi hesab edilən tələbələrimizi sevindirən bir addım atdı: "Cənab Prezidentin imzaladığı Sərəncamın nəinki dövlət hesabına ali və orta ixtisas təhsili müəssisələrində təhsilin müxtəlif pillələrində əyani təhsil alan tələbələri, eyni zamanda ödənişli əsaslarla oxuyan tələbələri də əhatə etməsi xüsusilə təqdirəlayiq haldır. Bu təkcə tələbələrin sosial şəraitinin yaxşılaşdırılmasına yox, eyni zamanda onların müstəqil həyatlarının ilk dönəmindən dövlət qayğısını hiss etmələrinə hesablanmış bir addımdır. Əlbəttə ki, təhsilin keyfiyyətini yüksəltmək, tələbələr arasında rəqabəti yüksəltmək, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq məqsədi daşıyan bu Sərəncamı tələbə-gənclər xoş əhval-ruhiyyə ilə qarşılayırlar. Düşünürük ki, bu qərar tələbələrin təhsil aldıqları ixtisas üzrə akademik göstəricilərinin yüksəlməsinə zənin yaradacaq, onların təhsilə olan maraqlarını daha da artıracaq".

Şahin İsmayılov bildirib ki, bu hal dövlət təhsil müəssisələrinin müsbət imicini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizdə ali təhsilə olan marağı daha da artıracaq: "Hal-hazırda dünya miqyasında baş verən iqtisadi böhrana baxmayaraq,ölkəmiz sosial layihələrə və insan kapitalına edilən yatırımları azaltmır, əksinə bu istiqamətə diqqəti günbəgün artırır. Dövlətimizin təhsilin inkişafına göstərdiyi qayğı Azərbaycanımızın uğurlu gələcəyinə inamın göstəricisidir".

"Prezidentin bu sərəncamı təhsil sahəsində yeni imkanlar açacaq". Bu fikirləri isə öz açıqlamasında Azərbaycan-Slavyan Gənclər Assosiyasının sədri Səbuhi Abbasov bildirib.

O deyib ki, Prezident İlham Əliyevin bu sərəncamı təhsil sahəsində yeni imkanlar açacaq: "Sözügedən qərar özlüyündə bir daha göstərdi ki, Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi, təhsil istiqamətində də atılan addımlar dayanıqlı və davamlı inkişafa hesablanır. Belə ki, bu sərəncam hələ 2 il öncə ölkə başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunmasını özündə ifadə edən ikinci strateji istiqamətin məntiqi davamıdır. Bu isə birbaşa olaraq təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsidir".

Fikirlərini davam etdirən QHT sədri bildirib: "Tam əminliklə qeyd edə bilərik ki, təhsil sahəsində aparılan bu islahatlar gənclərin səmərəli əmək fəaliyyətinə hazırlanmasına, rəqabət qabiliyyətli kadrlar formalaşdırılmasına və müasir həyatda ölkənin dayaq nöqtəsi olan müasir təfəkkürlu gənclərin inkişafına hesablanmışdır".

Tofiq Rəfailoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə