“Bayraq yürüşü” keçirilib FOTOLAR

“Bayraq yürüşü” keçirilib FOTOLAR

Bu gün Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə "Bayraq yürüşü" keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumitəhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələr iştirak ediblər.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.

"Bayraq yürüşü" Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, başımızın üstündə dalğalanan üçrəngli bayraq, milli istiqlalımızın simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Ölkəmizin varlığının təcəssümü olan Dövlət Bayrağı hər bir azərbaycanlının qürur yeri və mənəvi dayağıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli dəyərlərə sadiqliyimizi nümayiş etdirir.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Elmir Bağırov, millət vəkilləri və digər qonaqlar belə bir tədbirin keçirilməsinin əhəmiyyətinə toxunub, "Bayraq yürüşü" iştirakçılarının sayının ilbəil artmasının təqdirəlayiq olduğunu bildiriblər.

Daha sonra məktəbəqədər təhsil müəssisələrinin şagirdləri bayrağımıza həsr olunmuş şeir, mahnı və rəqslər ifa ediblər.

1000 nəfərdən çox iştirakçının qatıldığı yürüş "Azneft" meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə