"ABŞ səfirliyinin Spiker proqramı" çərçivəsində ABŞ-ın Miçiqan Universitetinin Ali və orta təhsilin tədqiqi mərkəzinin, həmçinin Gerald R. Ford adına İctimai Siyasət fakültəsinin professoru Stephen L. DesJardins Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində qonaq oldu. ADU-dan SİA-ya verilən məlumata görə, Universitetin Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov qonağı universitetdə görməkdən məmnun olduğunu dilə gətirdi. Universitetin yaranma tarixindən söhbət açan prorektor ADU-nun adının Avropa və Mərkəzi Asiya ölkələrinin ali təhsil müəssisələrinin nüfuzlu reytinq cədvəlində yer aldığını qeyd etdi. Bu qiymətləndirmə cədvəlində ADU-nun ilk dəfə iştirak etdiyini söyləyən Vazeh Əsgərov bunun davamlı olacağına əminliyini ifadə etdi. O, universitetdə tədris olunan dillərin yalnız auditoriyalarda deyil, eyni zamanda həmin dillərin inkişafı üçün yaradılan dil və mədəniyyət mərkəzlərində istifadə olunduğunu sözlərinə əlavə etdi. Universitetin beynəlxalq əlaqələrindən danışan V.Əsgərov ADU-nun Avropanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini vurğuladı. O, bu əməkdaşlıq çərçivəsində 2015-2016-cı tədris ilində Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının 10 nəfər tələbəsinin universitet hesabına Çin Xalq Respublikasının Şenyan Pedaqoji İnstitutunda artıq təhsil almağa başladıqlarını qonağın diqqətinə çatdırdı. Vazeh Əsgərov tələbələrin xaricə göndərilməsinin təkcə dövlət hesabına deyil, həmçinin ADU hesabına gerçəkləşdiyini bildirdi. O, eyni zamanda tələbələrin Norveçdə Oslo Yay Məktəbində iştirak etdiyini sözlərinə əlavə etdi. Prorektor ADU ilə Miçiqan Universiteti arasında qurulan əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirdi.
Miçiqan Universitetinin professoru Stephen L. DesJardins ADU-da olmaqdan məmnun olduğunu dilə gətirdi. O, Azərbaycanda ikinci dəfə olduğunu bildirdi. 14 il əvvəl ölkəmizə etdiyi səfərlə indiki səfərini müqayisə edən qonaq hazırda Azərbaycanın təhsil və akademik sahələrdə nəzərəçarpan dərəcədə inkişaf etdiyini vurğuladı. Miçiqan Universitetinin tarixindən danışan professor universitetin təməlinin Miçiqan ştatından əvvəl qoyulduğunu bildirdi. Onun sözlərinə görə universitet dövlətdən muxtar şəkildə fəaliyyət göstərir, amma buna baxmayaraq Miçiqan Universitetinin maliyyələşməsi dövlət büdcəsi hesabına həyata keçirilir.
Sonra Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa Babayeva, Magistratura və Doktarantura fakültəsinin dekanı Zərinə Aslanova rəhbərlik etdikləri fakültələr haqqında məlumat verdilər.
Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev və ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva da iştirak edirdi.
Görüş müzakirələrlə davam etdi. Dəyirmi masanın müzakirə obyekti "Təhsil proqramının qiymətləndirilməsi" idi.
Sonda Miçiqan Universitetinin professoru Stephen L. DesJardins ADU-nun Magistratura və Doktarantura fakültəsində təhsil alan tələbələrə "ABŞ Səfirliyinin Spiker Proqramı" çərçivəsində "Ali təhsildə Tətqiqat İnstitutu" mövzusunda mühazirə oxudu.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB