ADU-da konfrans başa çatdı

Oktyabrın 9-da Azərbaycan Dillər Universitetində (ADU) "Dil və mədəniyyət" mövzusunda Respublika Elmi-Praktiki konfransın yekun iclası keçirildi. Universitetdən SİA-ya verilən xəbərə görə, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov çıxışında bölmə rəhbərlərinin hesabatlarının vaxtında təqdim olunduğunu deyərək onların işini yüksək qiymətləndirdi. Konfransın işində ölkəmizin müxtəlif ali məktəblərinin və eləcə də Bakı şəhərindəki orta məktəblərin xarici dil müəllimlərinin bu sahədəki son nailiyyətləri və perspektivləri ilə bağlı fikir və mülahizələrini universitetimizin əməkdaşları ilə bölüşməsi nəticəsində nəzəri və praktiki əhəmiyyətə malik, maraqlı bir elmi diskussiya həyata keçirildiyini bildirdi.

Yekun iclasda bölmə rəhbərlərinin hesabatları dinlənildi, statistik məlumatlar açıqlandı, təkliflər olundu, konfransın yekun sənədi qəbul edildi. Respublikada xarici dillərin tədrisinin həm keyfiyyətcə yaxşılaşdırılması, həm də səmərəli və yeni metodların tətbiqinə nail olmaqla, orta və ali məktəblərdə bu sahənin daha da inkişafına xüsusi fikir verilməsinin vacib olduğu vurğulandı. Dinlənilmiş ən yaxşı məruzələrin seçilərək universitetin jurnallarında çap olunacağı bildirildi.

Xatırladaq ki, üç bölmədə keçirilən konfransın "Dilin linqvokulturoloji təhlili" adlanan I bölməsinə professorlar Məsməxanım Qazıyeva, Azad Məmmədov, "Dünyanın konseptual dil mənzərəsi" adlanan II bölməsinə professorlar Fəxrəddin Veysəlli, Leyla Cəfərova, "Danışıq dili, danışıq mədəniyyəti" adlanan III bölməsinə isə professorlar Aynur Sabitova və Fərman Zeynalov rəhbərlik edib.

Sonda çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov dinlənilən məruzələrin mövzusunun vacibliyindən danışdı, ali təhsil müəssisəsində yaradılan elmi mühitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi.

Qeyd edək ki, iki gün davam edən konfransda ölkənin 20 ali təhsil müəssisəsi, həmçinin orta məktəbindən müxtəlif mövzular üzrə 130-a yaxın məruzə dinlənilib və müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə