Oktyabrın 9-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin "SABAH" qrupları ilə görüş keçirildi. Universitetdən SİA-ya verilən xəbərə görə, "SABAH" tələbələrini universitetdə görməkdən şad olduğunu bildirən ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov qeyd etdi ki, görüşün keçirilməsinin əsas məqsədi onlarla yaxından tanış olmaqdır. Sonra prorektor sözü Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH" qruplarının İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyevə verdi.
E.Ağakişiyev "SABAH" layihəsinin uğurlu olmasından söz açdı. O, bu layihənin 750 tələbə ilə başladığını söyləyərək hazırda "SABAH" tələləbərinin sayının 1700 nəfərə çatdığını bildirdi. O, qeyd etdi ki, layihənin yaradılmasında əsas məqsəd ali təhsil müəssisələrində yeni və fərqli mühitin yaradılması, həmçinin savadlı, bacarıqlı kadr hazırlığının təmin edilməsidir. E. Ağakişiyev müəllimlərin bu qruplarda xüsusi müsabiqə yolu ilə seçildiyini dilə gətirdi. O vurğuladı ki, bilik və bacarıqlardan əlavə ünsiyyət qurmaq, mühitdə çalışmaq qabiliyyəti vacibdir. E. Ağakişiyev bu il müxtəlif dövlət qurumlarında "SABAH" qrupu tələbələrinin təcrübə keçdiyini sözlərinə əlavə edərək bunun onların peşəkar kadr kimi yetişməsində xüsusi rol oynayacağını vurğuladı, eyni zamanda "SABAH" qrupunun 25 nəfər tələbəsinin bu ilin yayında Londonda Yay Məktəbində intensiv dil kursunda iştirak etdiyini bildirdi. O, çıxışının sonunda bütün tələbələri daha çox mütaliə etməyə səslədi.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB