Bu gün Bakı "Ekspo" Mərkəzində IX Azərbaycan beynəlxalq təhsil sərgisinin rəsmi açılış mərasimi keçirilib. SİA xəbər verir ki, açılışda çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov sərgidə dünyanın 16 ölkəsindən 124 müəssisənin iştirak etdiyini diqqətə çatdırıb.
O qeyd edib ki, Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunur: "Ənənəvi olaraq, Təhsil sərgisi Karyera sərgisi ilə eyni vaxtda keçirilir və həm öz miqyasına, həm də tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbir hesab olunur".
Bu il təhsil sərgisində Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər.
Sərgidə azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunacaq. Latviya və ABŞ bu sərginin debütantlarıdır.
Sərgidə ilk dəfə iştirak edən xarici ali təhsil müəssisələri arasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Kazan Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, Akademik S.P.Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, "МИСиС" Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, N. P. Oqarev adına Mordoviya Dövlət Milli Elmi-Tədqiqat Universiteti, Polşa Avroregional İqtisadiyyat Universiteti və digər təhsil müəssisələri yer alır.
Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və "MBA" proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq.
Qeyd edək ki, sərgi oktyabr ayının 11-nə kimi davam edəcək.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB