Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Əqidə Axundovanın təşkilatçılığı ilə Almaniyada yaşayan, Dillər Universitetinin məzunu, yazıçı-publisist Əzimə Ağalarovanın "Təyyarə qanadında uçan ruh" adlı kitabının təqdimat mərasimi keçirildi. ADU-dan SİA-ya verilən xəbərə görə, mərasimdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşları, ölkə mediasının nümayəndələri, həmçinin ADU-nun tələbələri iştirak edirdi.
Öncə çıxış edən professor Adil Babayev yazıçı Əzimə Ağalarovanı təqdim etdi, həmçinin onun ADU-nun tələbəsi olduğunu qonaqların diqqətinə çatdırdı. Daha sonra yazıçının tələbəlik illərini xatırlayan professor onun müəllimi olduğunu, tələbəlik illərində savadı, çalışqanlığı ilə seçilən tələbələrdən biri kimi həmişə xatırlandığını sözlərinə əlavə elədi. O, Ə. Ağalarovanın S. Rəhimovdan sonra yaradıcılığa romanla başlayan ikinci yazar olduğunu dedi. Almaniyada yaşamasına baxmayaraq Əzimə Ağalarovanın Azərbaycan oxucusunun əzizinə çevrildiyini deyən professor yazıçının gözəl sujet xətti qurması, mövzunun incəliklərindən məharətlə istifadə etməsi, qələmlə oxucu ruhuna hakim kəsilməsi, onun qəlbinə yol tapmasından bəhs etdi, əvvəlki əsərlərlə yanaşı bu romanın da həmişəyaşar olacağına əminliyini ifadə etdi. Kitabın ərsəyə gəlməsi münasibəti ilə təbriklərini çatdıran professor yazıçıya uğurlarının davamlı olmasını arzuladı.
Qonaqları ADU-da görməkdən məmnun olduğunu dilə gətirən Əqidə Axundova "Təyyarə qanadında uçan ruh" kitabında yazıçının şərqlə qərbin qarşılaşdırılması mövzusuna toxundu.
Sual cavab əsnasında kitab haqqında ümumi məlumat verən Əzimə Ağalarova kitabın oxucuda dürüstlük aşılamasından bəhs etdi. Daha sonra yaradıcılığı ilə bağlı sualları cavablandıran yazıçı seçdiyi mövzuların tam təxəyyül məhsulu olduğunu söylədi.
Tədbir tələbələri maraqlandıran sualların tərəfindən cavablandırılması ilə yekunlaşdı.
Qeyd edək ki, Ağalarova Əzimə Xaspolad qızı 1959-cu ildə Zərdab rayonunda anadan olub. 1976-cı ildə Zərdab rayonu Ş. Qurbanov adına orta məktəbi bitirib, həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universiteti) daxil olub. Əmək
fəaliyyətinə 1984-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyində başlayıb. 1993-cü ilin dekabr ayından Almaniya Federativ Respublikasında yaşayır. "Gecələrdə gizli qaldım" və "Bakıdan Qahirəyə və Stokholma uzanan yol" kitablarının müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB