ADU-da konfransı keçirilir FOTO

Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) "Dil və mədəniyyət" mövzusuna həsr olunmuş Respublika elmi-praktiki konfransının plenar iclası keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Universitetedən SİA-ya verilən xəbərə görə, universitetin rəhbərliyi adından konfrans iştirakçılarını salamlayan ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov son illər ərzində ali təhsil ocağında 60-a yaxın elmi konfransların keçirildiyini söylədi. Çıxışında prorektor milli azlıq məsələsini önə çəkərək 150-dən çox ölkədə milli azlıqların mövcudluğunu, 30 ölkədə isə onların olmadığını sözlərinə əlavə etdi. Professor Dünyamin Yunusov vurğuladı ki, milli azlıqlar mövcuddursa, həmin ölkələrdə mədəniyyət də mövcuddur. Qloballaşan dünyada ingilis dilinin hegemon dil olduğunu bildirən prorektor hazırda bütün medianın, qəzetlərin və s-nin dilinin 75 %-nin, dünyada mövcud olan bütün nəqliyyat vasitələrinin 70%-nin ingilis dilində yazıldığını bildirdi.

Sonra Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli "Planetimizin dil mənzərəsi rəqəmlərin dililə" adlı məruzə ilə çıxış etdi. O, görkəmli mütəfəkkirlərin fikirlərindən sitatlar gətirərək bildirdi ki, insan nə qədər çox dil bilsə, o qədər də inkişaf edir. Dillərin yayılmasının iqtisadi amil ilə bağlı olduğunu diqqətə çatdıran professor sözlərinə onu da əlavə etdi ki, iqtisadi cəhətdən qüdrətli dövlət öz dilini də inkişaf etdirəcək.

Fransız və italyan dilləri tərcüməsi kafedrasının baş müəllimi Aydan Əliyeva "Dil və mədəniyyətin qarşılıqlı təsiri" adlı məruzəsində iki sosial fenomen arasında mövcud olan sıx əlaqədən söz açdı. Mədəniyyətlərin vəhdətinin dilə təsir etməsindən danışan məruzəçi dilin insanı formalaşdırdığını, yad mədəniyyətə daxil olaraq onun davranışını, həyat tərzini, dünyagörüşünü, milli xarakterini, ideologiyasını müəyyənləşdirdiyini bildirdi.

Daha sonra Linqvokulturologiya kafedrasının dosenti Kəmalə Cəfərova "Dildə konvergensiya və divergensiya hadisəsi" adlı məruzəsi ilə çıxış etdi. İki və daha çox dilin

mənalarının yaxınlaşması, həmçinin ayrılması prosesindən danışan məruzəçi dilin sabit qalmadığını, cəmiyyətdəki dəyişikliklərin onun inkişafına, təkmilləşməsinə səbəb olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Sonda Fransız və italyan dilləri tərcüməsi kafedrasının baş müəllimi Dilşad Pənahova "Xristian dininin italyan dilinə təsirinin tarixi məqamları" adlı məruzə ilə çıxış etdi. Xristian dininin italyan dininə təsirindən danışan D.Pənahova qeyd etdi ki, ünsiyyət qarşılıqlı anlaşma və hörmət əsasında qurulmalıdır.

Məruzəçilərin hər birinə təşəkkür edən professor Dünyamin Yunusov ümumilikdə 20 ali və orta məktəbdən 130-a yaxın məruzənin daxil olduğunu söylədi. O, konfransın strukturu və gedişi haqqında məlumat verdi.

Qeyd edək ki, iki gün davam edəcək konfrans "Dilin linqvokulturoloji təhlili", "Dünyanın konseptual dil mənzərəsi", "Danışıq dili, danışıq mədəniyyəti" adlı üç bölmədə aparılacaq. Bölmə iclaslarında məruzələr dinlənilərək müzakirələr aparılacaq. Müzakirələrdən sonra keçiriləcək yekun iclasda bölmə iclaslarının hesabatları dinləniləcək və konfransın yekun sənədi qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə