ADU-da seminar keçirilib FOTO

Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Memarlıq Gününə həsr olunmuş "Azərbaycan və Çin memarlığı: tarix və müasirlik" mövzusunda elmi seminar keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov Çinin memarlıq tarixi haqqında məlumat verdi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) dövlət səfəri haqqında danışaraq səfər çərçivəsində Prezidentin Böyük Çin səddi, Çin imperatorlarının saray kompleksi, Şəhərsalma üzrə Şanxay Muzeyi və dünya mədəni irsinin mühüm hissəsi olan Çin Memarlığının digər görkəmli tarixi yerlərində olduğunu və "Fəxri Qonaqlar Kitabı"na ürək sözlərini yazdığını bildirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun "Memarlıq, şəhərsalma tarixi və nəzəriyyəsi" şöbəsinin müdiri Rayihə Əmənzadə orta əsrlərdə Azərbaycan memarlığının inkişaf tarixi və xüsusiyyətləri haqqında məlumat verdi.

Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Memarlığın əsasları" kafedrasının dosenti Şəhla Abbasova Çində şəhərsalma xüsusiyyətlərindən və orada memarlığının ənənəvi üslublarından söz açdı.

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin müəllimləri və Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Çinin saray və dini memarlığı, memorial və istehkam binaları, həmçinin Çin yaşayış komplekslərinin xüsusiyyətləri haqqında məlumat verdilər.

Seminarda eyni zamanda Çində ənənəvi memarlıqdan bəhs edən sənədli film nümayiş olundu.

Qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində nəşr olunan Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi tövfələrdən bəhs edən "İlham Əliyev-iki qədim xalqların dostluğunun müasir davamçısı" adlı kitab hədiyyə edildi.

Tədbirdə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev iştirak edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə