Bu gün 9-cu Azərbaycan Beynəlxalq Təhsil və Azərbaycan Beynəlxalq Karyera Sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, "SABAH" qrupları layihəsinin rəhbəri Elçin Ağakişiyev, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, "Təhsil" və "Karyera" sərgilərinin meneceri Aliyə Nəcəfli iştirak ediblər.
Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov oktyabrın 9-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan 9-cu Azərbaycan Beynəlxalq Təhsil sərgisi haqqında məlumat verərək qeyd edib ki, ənənəvi olaraq, "Təhsil" sərgisi "Karyera" sərgisi ilə eyni vaxtda keçirilir və həm öz miqyasına, həm də tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbir hesab olunur.
"Təhsil" və "Karyera" sərgilərinin meneceri Aliyə Nəcəfli bildirib ki, sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir: "Bu il "Təhsil" sərgisində Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcək".
A. Nəcəfli qeyd edib ki, sərgidə azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunacaq: "Latviya və ABŞ bu sərginin debütantıdır. Sərginin daha bir debütantı isə "Lüblində təhsil al" ("Study in Lublin") təşkilatıdır. Təşkilat Lüblində (Polşa) ödənişli və şəhər təqaüdü əsasında təhsil imkanlarının geniş spektrini təqdim edir. Sərgidə ilk dəfə iştirak edəcək xarici ali təhsil müəssisələri arasında İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Kazan Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, Akademik S. P. Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, "MİSiS" Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, N. P. Oqarev adına Mordoviya Dövlət Milli Elmi-Tədqiqat Universiteti, Polşa Avroregional İqtisadiyyat Universiteti və digər təhsil müəssisələri yer alır".
A. Nəcəfli onu da qeyd edib ki, Azərbaycanı təmsil edən təhsil müəssisələrinin də sayı artmaqdadır: "Artıq sərgi iştirakçılarının siyahısında Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti, "CELT Colleges", "F-Group Academy" və ölkənin bir sıra digər təhsil müəssisələri var. Sərgidə hər il fəal iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin stendində isə nazirliyin yaxın illər üçün plan və proqramları barədə informasiya təqdim olunacaq".
Qeyd olunub ki, sərgi oktyabr ayının 11-ə kimi davam edəcək.



İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB