ADU tələbəsi qalib olub

Bu ilin oktyabr ayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Mən Azərbaycanlıyam" milli intellektual bilik yarışmasının 5-ci mövsümünün qalibləri mükafalandırılıb. Qaliblər sırasında I yerin sahibi Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi Nərmin Rüstəmovadır. ADU-dan SİA-ya verilən xəbərə görə, o, yarışda Ağcabədi rayonunu təmsil edib. Bununla yanaşı ADU-nun digər tələbəsi Şaiq Fərzəliyev də aktiv tamaşaçı kimi təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, həmçinin Milli Məclisin deputatlarının iştirak etdiyi mükafalatlandırma mərasimində qaliblər təbrik olunub və onlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, "Mən Azərbaycanlıyam" milli intellektual bilik yarışması 2010-cu ilin fevral ayından Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən keçirilir. Geniş tamaşaçı kütləsi, xüsusən də gənclər arasında böyük maraqla qarşılanmış layihənin əsas məqsədi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə