Layihə qalibləri mükafatlandırıldı

Layihə qalibləri mükafatlandırıldı

Bu gün "Gələcəyini Qur!" Gəncliyə Dəstək layihəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə layihənin İşçi Qrupunun üzvü Ramilə Aslanova, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Firudin Həmzəyev, layihə qalibləri və valideyinlər iştirak edib.

Tədbirə qalib iştirakçılar haqqında hazırlanmış vidoeçarxın nümayişi ilə start verilib.

"Gələcəyini Qur!" Gəncliyə Dəstək layihəsinin İşçi Qrupunun üzvü Ramilə Aslanova layihə barədə məlumat verib: "Məqsədimiz Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Təbii ki, bunu etmək üçün biz qarşımıza iki vəzifə qoyduq. Bunlardan birincisi elmə, biliyə dəyər verən bir qrup olaraq düşündük ki, hər bir şeyin kökündə təhsil, hər bir uğurun kökündə bilik və bacarıq dayanır. Biz hesab edirik ki, bu gənclərə dəstək olmağın ən birinci rolu onların ali məktəbə qəbul olmalarına dəstək olmaqdır. Texniki biliklərlə yanaşı onların cəmiyyətdə daha fəal və aktiv olmaları üçün dünyagörüşlərinin artırılmasıdır və buna nail olmaqdır".

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Firudin Həmzəyev isə diqqətə çatdırıb ki, ümumtəhsil müəssisəsinin vəzifəsi ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş böyüdüb cəmiyyətə verməkdir: "Beləcə cəmiyyətdə onun yerinin tapmasına yardımçı olmaqdır. Bu tək ali məktəbə qəbulla yekunlaşmır. Çünki 90-100 minə yaxın şagird 11-ci sinifi bitir ancaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının planına görə onlardan 28-30 mini tələbə adını qazanır. İstənilən halda bu şagirdlərin 60-70 faizi cəmiyyətdə öz yerini tutmalıdır".

Sonda layihənin qalib iştirakçılarına sertifikatlar, diplom və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə