Yapon iş adamları ADU-da oldular FOTO

Yapon iş adamları ADU-da oldular FOTO

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Yapon mərkəzinin direktoru, Yapon-Azərbaycan əlaqələndirmə komitəsinin üzvü Yaşar İbrahimovun təşkilatçılığı ilə Yapon iş adamlarının Azərbaycana səfəri çərçivəsində "Yapon iş adamları ilə informasiya mübadiləsi" mövzusunda V konfrans keçirildi. ADU-dan SİA-ya verilən xəbərə görə, konfransın məqsədinə uyğun olaraq Yapon iş adamları ilə Azərbaycan və onun iqtisadi inkişafı, Azərbaycan iqtisadiyyatına investisiya qoymaq imkanları haqqında danışıldı, iki ölkənin iş adamları arasında əlaqələrin qurulmasına şərait yaratmaq, Yapon iş adamlarına ölkəmizin biznes üçün yüksək potensiala malik olması barədə fikir mübadiləsi aparıldı. Azərbaycan-Yaponiya əlaqələrini daha da inkişaf etdirmək istiqamətində təkliflər və ideyalar səsləndirildi.

Konfransda 40 nəfər yaponiyalı iş adamı və 50 nəfərə yaxın azərbaycanlı müəllimlər, tələbələr, iş adamları və digər şəxslər iştirak edirdi.

Konfransda çıxış edən ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev qonaqları ali təhsil ocağında görməkdən şad olduğunu bildirdi. O, universitetdə mövcud olan Yapon mərkəzinin fəaliyyəti və yapon dilinin tədrisi haqqında məlumat verdi.

Daha sonra Yaşar İbrahimov konfransın keçirilməsi, məqsədi və iştirak edən qonaqlar haqqında məlumat verdi.

Azərbaycan haqqında sual-cavab şəklində informasiya mübadiləsi aparıldı. Konfransda yaponlar tərəfindən ölkəmizin təbliği və tanıdılması məqsədi ilə Azərbaycan haqqında ətraflı məlumatı

özündə əks etdirən kitab iştirakçılara təqdim olundu.

Qeyd edək ki, Yapon iş adamlarının Azərbaycana səfəri "World Investers TV" internet televiziyasının prodüseri Kazuyasu İşidanın təşkilatçılığı, HİS turizm şirkətinin dəstəyi ilə həyata keçirilir. Yapon iş adamlarının Azərbaycana səfəri zamanı Azərbaycanın düzgün şəkildə öyrənilməsi və təbliği istiqamətində ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasında təhsil alan tələbələr və müəllimlər iki ölkə nümayəndələri arasında işgüzar əlaqələrin qurulmasında tərcüməçilik fəaliyyətləri ilə köməklik göstərirlər.

Xatırladaq ki, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasının tələbələri Aqşin Bədəlbəyli Yaponiyanın Saitama Universitetində, Zərifə Aydayeva isə Yaponiyanın Gifu Dövlət Universitetində bir illik təhsil alıb geri dönüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə