Sentyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində yaradılmış OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinin açılış mərasimi keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, açılış mərasimində ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex, səfirlik əməkdaşları, universitetin professor-müəllim heyəti və almandilli tələbələr iştirak edirdi.
Öncə rəmzi açılışı bildirən qırmızı lent kəsildi. Açılış nitqi ilə çıxış edərək qonaqları salamlayan rektor Səməd Seyidov ADU-da əlamətdar hadisənin baş verdiyini söylədi. Professor Səməd Seyidov universitetdə müxtəlif dillərin tədris olunduğunu və bunların içərisində alman dilinin xüsusi yer tutduğunu vurğuladı. O, alman dilinin inkişafında və tədris olunmasında ADU-nun Avstriya universitetləri ilə əlaqələrinin xüsusi yer tutduğunu söylədi. Bu əlaqələrin yaradılmasında Avstriyanın Azərbaycandakı səfirlərinin, eləcə də Aksel Vexin xüsusi rolunu vurğulayan rektor Səməd Seyidov onlara öz təşəkkürünü bildirdi. Rektor çıxışında eyni zamanda təkcə ADU tələbələrinin deyil, digər universitetlərin tələbələrinin də Avstriyaya göndərilməsində xüsusi əməyi olan Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyevin Avstriyanın "Tərcümə mükafatı"na layiq görüldüyünü də qeyd etdi. Rektor Səməd Seyidov ADU-da yaradılan Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinin fəaliyyət göstərərək Avstriyada yüksək səviyyədə təmsil olunacağına və yeni bir müstəviyə yüksələcəyinə əminliyini ifadə etdi.
Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ADU-da olmaqdan məmmunluğunu dilə gətirdi. O, Avstriyanın Azərbaycandakı səfirliyinin 2010-cu ildə fəaliyyətə başlamasına baxmayaraq Avstriya və Azərbaycan arasında əlaqələrin 1999-cu ildən yarandığını qeyd etdi. Səfir iki ölkə arasında elmi, mədəni, iqtisadi sahədə olduğu kimi təhsil sahəsində də əməkdaşlığın daha da genişləcəyindən danışdı. Səfir Aksel Vex rektor Səməd Seyidova xüsusi
təşəkkür etdi və OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinə gələcək işlərində uğurlar arzuladı.
Sonra OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinin rəhbəri Səfa Əliyeva ən böyük arzusunun reallaşdığını dilə gətirdi. O, OeAD-Avstriya Mübadilə Xidməti haqqında məlumat verdi.
Sonda qonaqlar Avstriya Mübadilə Xidməti Bakı İnformasiya mərkəzi ilə, həmçinin Avstriya kitabxanası ilə tanış oldular.
Qeyd edək ki, mayın 26-da ADU-nun nəzdində Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinin yaradılmasına və fəaliyyətinə dair universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov və OeAD-ın rəhbəri Stefan Zotti arasında müqavilə imzalanıb. Müqavilədə Azərbaycan və Avstriya arasında tələbə mübadiləsinin inkişafı üçün Avstriya təhsil və təqaüd proqramları haqqında mütəmadi konsultasiyalar, birgə layihələrin həyata keçirilməsi ilə bağlı digər Avstriya nümayəndəlikləri (xüsusən də Bakıda yerləşən Avstriya səfirliyi, Avstriya İqtisadiyyat Palatasının Bakıdakı Nümayəndəliyi, Avstriya kitabxanası ilə), eləcə də mədəniyyət və təhsil sahəsində fəaliyyət göstərən vasitəçi Azərbaycan təşkilatları ilə əlaqələrin yaradılması, ali məktəblərlə keçiriləcək görüş proqramlarının təşkili, Avstriya kitabxanası ilə birgə Azərbaycan universitetlərində sərgilərin, mühazirələrin, film və musiqi tədbirlərinin, eləcə də Azərbaycanda keçirilə biləcək elmi konfransların və simpoziumların təşkili qaydaları nəzərdə tutulur.
Xatırladaq ki, OeAD - Avstriya Mübadilə Xidməti - təhsil, elm və tədqiqat sahələrində geniş proyektlər həyata keçirir, beynəlxalq əməkdaşlıq və mübadilələr aparır, bir sıra təqaüdlər təklif edir. OeAD-nin fəaliyyət dairəsinə yalnız ali məktəblər deyil, həmçinin bütün digər təhsil ocaqları da daxildir. OeAD müxtəlif ali və orta məktəblərarası mübadilə və əməkdaşlıq yaratmaqda vasitəçi rol oynayır, Avstriya təhsilini, elmini və tədqiqat işlərini bütün dünyada tanıdır, yayır, eyni zamanda mübadilə nəticəsində digər ölkələrin də təcrübəsindən faydalanır. Təklif etdiyi təqaüdlərdən yalnız tələbələr deyil, həmçinin müəllimlər və elmi işçilər də yararlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB