"Fəaliyyəti dayandırılan Bakı Asiya Universitetinin digər ali təhsil müəssisələrinə köçürülən tələbələrinin təhsil haqqı məsələsi nazirlik tərəfindən əvvəlcədən araşdırılıb". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazir müavini qeyd edib ki, tələbələr ya universitetdə ödədikləri təhsil haqqı qədər, ya da ondan aşağı məbləğdə təhsil haqqını ödəməlidirlər: "Bakı Asiya Universitetinin tələbələri digər 4 özəl ali məktəbə köçürülüb. Həmin universitetlərdən biri təhsil haqqını öz təhsil haqları qədər ödətdirmək istəyirdi ki, bu da Bakı Asiya Universitetinin təhsil haqqından çox yüksək idi. Amma köçürülmə zamanı Təhsil Nazirliyinin müvafiq şöbəsi universitet rəhbərliyi ilə danışıqlar apardı və həmin universitetlər öhdəlik götürdü ki, köçürülən tələbələr Bakı Asiya Universitetindəki ödədikləri təhsil haqqını burada da ödəyə biləcəklər. Ona görə də burada hər hansı təhsil haqqının artırılmasından söhbət gedə bilməz".
Ceyhun Bayramov onu da qeyd edib ki, Bakı Asiya Universitetinin təhsil müəssisəsi kimi qeydiyyatdan keçib və heç bir sənədi ləğv olunmayıb: "Sadəcə onun fəaliyyət göstərməsi üçün 5 illik lisenziya lazımdır. Həmin lisenziyanın vaxtı bitib. Yenidən lisenziyanın artırılması üçün Bakı Asiya Universiteti də Təhsil Nazirliyinə müraciət etməyib. Gələcəkdə müraciət olsa, nazirlik buna baxa bilər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB