"Beynəlxalq Sülh Günü” BSU-da qeyd olunub

"Beynəlxalq Sülh Günü” BSU-da qeyd olunub

Sentyabrın 18-də Bakı Slavyan Universitetində 21 sentyabr-"Beynəlxalq Sülh Günü" ilə əlaqədar tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, profesor Asif Hacıyev 1982-ci ildən bəri bütün dünyada qeyd olunan Sülh günü barədə məlumat verib. Rektor Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızın müxtəlif ali təhsil ocaqlarında "Beynəlxalq Sülh Günü" ilə bağlı tədbirlər həyata keçirildiyini qeyd edib. Bildirilib ki, 21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, hər hansı zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Asif Hacıyev vurğulayıb: "Dövlət başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin göstəricisidir ki, bu gün dünya ölkələri arasında baş verən gərginlik, mübarizə şəraitindəAzərbaycan sakitliyini, iqtisadi inkişafını qoruya bilən ölkələr sırasındadır. Sülhə nail olmaq üçün iqtisadi, siyasi gücdən əlavə, ləyaqətli, daxilən vətənpərvər gənclərin olması vacibdir".

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə şöbəsinin müdiri Zaur Əliyev çıxışında "Beynəlxalq Sülh Günü" ərəfəsində, yəni 21 avqust-21 sentyabr tarixlərində "Sülh aylığı" elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb. Z.Əliyev vurğulayıb ki, Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir: "Bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün sülh xüsusi əhəmiyyət kəsb edir".

Görüşdə Ombudsam Aparatının Hüquqi Maarifləndirmə sektorunun müdiri Faiq Ağayev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə