Bu gün Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və "İnkişaf" Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan "Təməl" təqaüd proqramının bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
Mərasimdə iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov layihənin əhəmiyyətindən bəhs edərək bildirib ki, yeni forma və məzmunda hazırlanmış ixtisasartırma kursunun məqsədi Bakı şəhərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin peşəkarlıq səviyyəsini yüksəltməkdir: "İbtidai təhsil səviyyəsində fəaliyyət göstərən müəllimlərin dərslərinin müşahidəsi, valideynlərlə müsahibə, şagird nəticələrinin təhlili ibtidai sinif müəllimlərinin güclü və zəif tərəflərini müəyyən etməyə imkan verib. Sözügedən ixtisasartırma proqramının modulları həmin təhlilin əsasında aparılıb".
Ceyhun Bayramov qeyd edib ki, təlimlər iki ay müddətində davam edib: "Proqramda iştiraka 114 nəfər maraq göstərib. Onlardan 113-ü yekun qiymətləndirmədə iştirak edib, 65 nəfər imtahandan uğurla keçərək "Təməl" sertifikatına layiq görülüb. İxtisasartırma üzrə bir neçə böyük layihələr həyata keçirilir. Bu layihələr bir daha təsdiq edir ki, təhsilin bütün pillələri arasında ibtidai təhsilin nəticələri yekun nəticədə daha əsasdır".
Daha sonra çıxış edənlər müəllimlərə göstərilən diqqət və qayğıdan söz açıblar.
Sonda imtahandan uğurla keçən müəllimlərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunur.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB