Bu il LDU-da 2400 tələbə təhsil alacaq

Bu il LDU-da 2400 tələbə təhsil alacaq

Yeni dərs ilində Lənkəran Dövlət Universitetində (LDU) 2400 tələbə təhsilini davam etdirəcək. Onlardan 577 nəfəri bu il ali məktəbə daxil olan gənclərdir. Tələbələr arasında 600-dən yuxarı bal toplayan gənclər də var. Universitetdə dövlət sifarişi üzrə tələbə qəbulu planı yerinə yetirilib, maliyyə ixtisası üzrə yeni qrup açılıb. Bütün bunlar barədə Bilik günündə Lənkəran Dövlət Universitetində keçirilən tədbirdə məlumat verilib.

Tədbirdə çıxış edən universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov yeni dərs ilinin başlanması münasibətilə tələbələri təbrik etdi, onlara elm və təhsil yollarında uğurlar arzuladı. Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov ali təhsil ocağının müəllim və tələbələrinə ən xoş arzularını çatdırdılar.

Tələbələr adından Leyla Abdullazadə və Səkinə Şabıyeva çıxış edərək yaxşı oxuyacaqlarına, universitetin ictimai həyatında fəal iştirak edəcəklərinə söz verdilər.

Tədbirdə universitetə yüksək balla daxil olanların bir qrupuna tələbə bileti və hədiyyələr təqdim edildi.

Sonra universitetin bədii özfəaliyyət kollektivinin çıxış oldu.

LDU-nun rektoru, professor Asəf İsgəndərov valideynləri ali məktəb həyatı ilə tanış etdi, onları maraqlandıran sualları cavablandırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə