Lənkəranda “Bilik günü”ndə yeni məktəbin açılışı olub FOTOLAR
Təhsilin keyfiyyətinin artırılması və savadlı gələcəyin təmin olunması üçün respublimızda yeni məktəb binalarının tikintisi işi sürətlə aparılır. Bilik günündə Lənkəran rayonunun təhsil ocaqlarında əsl bayram təntənəsi yaşanıb. SİA-nın Cənub bürosunun məlumatına görə, sentyabrın 15-də ən müasir tələblər səviyyəsində tikilən Qadir Zeynalov adına Darquba kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
Azərbaycanın Dövlət himni səsləndirilib. Tədbiri məktəbin direktoru Mayis Kazımov açaraq məktəbin pedaqoji və şagird kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ŞİH-nin başçısı Taleh Qaraşova dərin minnətdarlığını bildirib.Qeyd edib ki, 180 yerlik məktəbin binasında keyfiyyətli təlim-tədris üçün hər cür şərait yaradılıb. Burada tam müasir istilik,havalandırma və işıqlandırma sistemi quraşdırılıb.Yanğın təhlükəsizliyi və içməli su təminatı məqsədilə iki su çəni tikilib.Məktəbin geniş akt zalı, fizika, biologiya və kimya laboratoriyaları, yay və qış idman zalları ilə də təchiz olunub. Kompyüter otağı şagirdlərin istifadəsinə verilib. Elektron məktəb layihəsi çərçivəsində tikilən bu məktəbdə həmçinin təhlükəsizliyin təmin olunması məqsədilə kameralar quraşdırılıb. Darquba kənd ağsaqqalı Əbülfəz Ağayev, məktəbin müəllimi Lətifə Cavadova, şagirdlərdən İlahə Həsənli,Mətanət Xosrovzadə çıxış edərək ürək sözlərini söyləyiblər.Ölkə rəhbərliyinə minnətdarlığlarını bildiriblər. Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbir iştirakçılarını dövlət vəsaiti hesabına tikilmiş yaraşıqlı məktəb binası və yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs edib. Qeyd edib ki, son on iki ildə Lənkəranda 36 məktəb binası, dörd məktəb üçün əlavə korpus tikilib. Dörd təhsil ocağı yüksək səviyyədə təmir olunub. Təkcə keçən il şəhər 2 nömrəli tam orta məktəbinin 1200 yerlik binası əsaslı təmir edilib, 10 məktəb üçün - şəhər 8 nömrəli, Bəliton, Separadi, Xanbulan, Yuxarı Nüvədi, Tükəvilə kənd tam orta, Qurunba, Daşdalıqjar, Tütəpeştə və Şağlaser kənd ümumi orta məktəbləri üçün yeni binalar inşa olunub. Bu il isə180 yerlik Darquba kənd tam orta məktəbi üçün tikilən bina yeni dərs ilində istifadəyə verilib.
Təhsilin keyfiyyətinin daha da yüksəldilməsinin zəruriliyi, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunması, istedadlı şagirdlərlə işin səmərəli təşkili və digər aktual məsələlərə toxunan İcra başçısı Lənkəran rayonuna göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə sakinlər adından minnətdarlığını bildirib. Pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, savadlı kadrlar yetişdirməyə, gəncləri milli ruhda tərbiyə etməyə, onları Ulu Öndər Heydər Əliyevin ideyalarına, Azərbaycançılıq məhkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləyib. Sonra qırmızı lent kəsilib, məktəblə tanışlıq olub.
Sərraf Mirsəfəroğlu









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB