Bu gün 15 sentyabr Bilik Günündə Kaspi təhsil şirkətinin daha bir liseyi açılıb. Sayca 2-ci olan "Kaspi" liseyi Bakının Xətai rayonunda yerləşir.
SİA-nın azadinform-a istinadən verdiyi xəbərə görə, liseydə 2015-2016-cı tədris ili üçün 1-ci sinifdən 9-cu sinfə qədər 200-dən bir qədər çox şagird təhsil alacaq.
Liseyin açılış nitqini söyləyən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Azərbaycan xalqına bir şirkət olaraq məhz təhsil sahəsində xidmət göstərməkdən məmnunluğunu bildirib, həmçinin dövlətin yürütdüyü təhsil siyasətinə dəstək olmağın qürurverici olduğunu qeyd edib.
Tədbirdə iştirak edən ziyalılar - tarix elmlər doktoru Yaqub Mahmudov, Milli Məclisin deputatı Səttar Mehbalıyev, tarix elmlər doktoru Musa Qasımlı, yazıçı, millət vəkili Hüseynbala Mirələmov, Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini çıxış ediblər.
Çıxış edən natiqlər şirkət kollektivini və vətəndaşları təbrik edib, respublikada həm milli, həm beynəlxalq dəyərləri özündə daşıya bilən ümumtəhsil məktəbinin fəaliyyət göstərəcəyi üçün məmnunluqlarını ifadə ediblər.
Sonda çıxış edən lisey direktoru Asif Əzizov açılış mərasiminə qatılan hər kəsi salamlayaraq mənəvi dəstək üçün onlara təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə