Təhsil işçilərinin sentyabr konfransı keçirilib

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

Bu gün Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

Konfransda təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramovun hesabat məruzəsi dinlənilib. Nazir müavini bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb, 7760 müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır. O, diqqətə çatdırıb ki, Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb. Hazırda bu fərq 6 faiz təşkil edir.

Daha sonra təhsil naziri Mikayıl Cabbarov Ulu Öndər Heydər Əliyevin təhsilə daim önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Müasir dünyada təhsilin mühüm rolunu vurğulayan nazir 2014-2015-ci tədris ilində bu sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Konfransda Xəzər rayonu S.Abbasov adına 117 nömrəli tam orta məktəbin direktoru Vüqar Məmmədovun, 312 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Könül Heydərlinin, 7 nömrəli tam orta məktəbin valideyn icmasının üzvü Sevinc Qasımovanın və 54 nömrəli tam orta məktəbin məzunu Gündüz Osmanlının çıxışları dinlənilib.

Toplantıda 23 ümumi təhsil müəssisəsi IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün, 11 ümumtəhsil müəssisəsi təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər və 2014/2045-ci tədris ilində IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən irəliləyiş əldə etdiyi üçün, 8 ümumtəhsil müəssisəsi isə istedadlı şagirdlərlə işin təşkili və onların potensialının üzə çıxarılması istiqamətində həyata keçirilmiş tədbirlərdə fərqləndiyi üçün Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif ediliblər.

Qeyd edək ki, sonda təhsilin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə