Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində muxtar respublikanın təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək yeni dərs ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edib, 2014/2015-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr barədə danışıb.
Qeyd olunub ki, bu gün muxtar respublikada təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il iyunun 20-də imzaladığı "Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində milli mənəvi dəyərlərimizi özündə əks etdirən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili həyata keçirilir. Belə ki, 2014/2015-ci tədris ilində muxtar respublikada yerləşən 12 muzey ilə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılıb və 200-dən çox məktəbin muzeylərlə virtual əlaqəsi qurulub. Şagirdlərin birbaşa olaraq məktəblərdən canlı şəkildə milli mənəvi irsimizə aid biliklərinin artırılmasına xidmət edən bu işlər tədris ili boyu davam etdirilib.
Piri Nağıyev deyib ki, muxtar respublikada müəllim əməyinin qiymətləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 2015-ci il 22 iyun tarixli Sərəncamı müəllim əməyinə, ümumilikdə, təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələrinin ilbəil yaxşılaşdığını vurğulayan təhsil naziri qeyd edib ki, 2014-cü ildə 117 ümumtəhsil məktəbinin məzunları qəbul imtahanlarında yüksək nəticələr göstərmişdisə, 2015-ci ildə belə məktəblərin sayı 129-a çatıb. Şagirdlər arasında hərbi təhsilə maraq xeyli artıb. 2015-ci ildə məzunlardan 36-sı xüsusi təyinatlı ali hərbi məktəblərə qəbul olunub. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 203-ü ölkənin müxtəlif ali hərbi məktəblərində təhsil alır. Ümumilikdə, ali hərbi məktəblərə 1785 məzun qəbul olub ki, bu da həmin təhsil müəssisələrinə sənəd verənlərin 62,8 faizini təşkil edir. Bu isə ötən illə müqayisədə 4,6 faiz artım deməkdir.
Sonra məruzə ətrafında çıxışlar olub. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri göstərilən dövlət qayğısının müqabilində daha səylə çalışmalı, öz işlərini şagirdlərin bilik, bacarıq və vərdişlərinin yüksəldilməsi istiqamətində qurmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB