Sentyabrın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Monyeni qəbul edib. ADU-dan SİA-ya verilən xəbərə görə, o səfiri universitetdə görməkdən məmnun olduğunu söylədi. Universitet haqqında məlumat verən rektor ali təhsil ocağında 22 dilin tədris olunduğunu bildirdi. Universitetdə fransız dilini öyrənən tələbələrin olduğunu bildirən rektor onların bu dilə olan marağından söz açdı. Professor Səməd Seyidov ADU-nun beynəlxalq əlaqələrindən söz açaraq universitetin tələbələrinin Norveçin Oslo Universitetinin Yay Məktəbində iştirak etdiyini, on nəfər tələbənin isə universitetin maliyyə dəstəyi ilə bir il müddətində Çinin Şenyan Pedaqoji Universitetində artıq təhsil almağa başladığını, altı nəfər amerikalı tələbənin isə ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-nun Yay məktəbində iştirak etdiyini səfirin diqqətinə çatdırdı, eyni zamanda universitetdə müxtəlif dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd etdi. Belə mərkəzlərdən birinin də Fransa Araşdırmalar Mərkəzinin olduğunu sözlərinə əlavə etdi. O, görüşdə ADU-nun Fransanın bir sıra universitetləri, o cümlədən Strasburq Universiteti ilə əlaqələrindən danışdı. Eyni zamanda bildirdi ki, universitetin əməkdaşları arasında Strasburq Universitetinin məzunları da var.
Professor Səməd Seyidov Fransa Universitetləri ilə ADU arasında olan mədəni əməkdaşlıqdan söz açaraq ADU-nun doqquz nəfər tələbəsinin ötən tədris ilində Paris-Sorbon Universitetində "Mədəni mübadilə" adlı festivalda iştirak etdiyini vurğuladı. Eyni zamanda, ADU və Fransanın Paris-Sorbon Universiteti arasında "Mədəni mübadilə" proqramı çərçivəsində Paris-Sorbon Universitetində təhsil alan tələbələrin ADU-nun maliyyə dəstəyi ilə ilk Avropa Oyunları zamanı universitetdə olduğunu dilə gətirdi.
Səmimi qəbula görə öz minnətdarlığını ifadə edən Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Monye ADU-da olmaqdan şad olduğunu bildirdi. O, təhsil sahəsində əməkdaşlığın Azərbaycan və Fransa arasında mədəni əlaqələrin daha da möhkəmlənəcəyinə inandığını qeyd etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB