Tərtərdə rayon müəllimlərinin 2014-2015-ci dərs ilinin yekunlarına və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunan ənənəvi sentyabr konfransı keçirilib. Rayonun təhsil işçiləri əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, təhsil şöbəsinin qarşısında şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.

Gənclər Mərkəzində keçirilən konfransda ötən tədris ilində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib. Bildirilib ki, 2014-2015-ci dərs ilində rayonda 47 ümumtəhsil məktəbi fəaliyyət göstərib, 9372 şagirdin təlim-tərbiyəsi ilə 1224 müəllim məşğul olub. Rayonun orta ümumtəhsil məktəblərini bitirən 692 məzundan 331-i ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib, 181 nəfəri tələbə adını qazanıb. Onların 16 nəfəri 500-600 arası, 6 nəfəri isə 600-dən çox bal toplayıb.
Yeni dərs ilinə hazırlıqla əlaqədar rayonun Qarağacı kənd tam orta məktəbində əsaslı, Əskipara kənd tam, Qazyan kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəblərində, Uşaq Yaradıcılıq Mərkəzində cari təmir işləri aparılıb. Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqə nəticəsində Tərtər rayonunun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə 18 müəllim işə qəbul edilib. Yeni təhsil proqramlarının həyata keçirilməsi ilə bağlı 2015-ci ilin yay dövründə 102 müəllim təlim kursuna cəlb edilib.
Konfransda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Təhsil Nazirliyinin nümayəndəsi İlham Nağıyev təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, respublikamızda, o cümlədən Tərtər rayonunda təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, pedaqoji kollektivin qarşısında duran vəzifələrdən danışıblar.
Sonda bir qrup təhsil işçisinə fəxri fərmanlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB