Oğuzlu məzunlar mükafatlandırılıb

Oğuzlu məzunlar mükafatlandırılıb

Sentyabrın 8-də Oğuz şəhərindəki Mədəniyyət Mərkəzində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış məzunlarla rayon rəhbərliyinin görüşü olub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzi parkda ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon ictimaiyyəti nümayəndələrinin, müəllim və valideynlərin iştirak etdiyi tədbirdə rayon təhsil şöbəsinin müdiri Elçin Kərimov ali məktəblərə builki qəbul imtahanlarında oğuzlu məzunların qazandıqları uğurlar barədə danışıb. Bildirilib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 348 oğuzlu məzundan 166 nəfəri tələbə adını qazanıb. Bundan əlavə, əvvəlki illərin məzunlarından 29 nəfər də qəbul imtahanlarını uğurla verərək ali məktəblərə daxil olub. Məzunlardan 41 nəfəri 500 baldan, 8 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib.

Görüşdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı və rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, tələbə adını qazanan məzunları təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.

Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə