Yeni dərs ili yeni məktəbdə

Bərdə rayonunun Türkmən kəndində dövlət vəsaiti hesabına inşa edilən 260 yerlik məktəb binasında son tamamlama işləri görülür. İkimərtəbəli yeni məktəb binasında sinif otaqları, kimya və fizika kabinələri, iki laboratoriya, iki kompyuter otağı, akt və idman zalları, bufet, kitabxana var. Həmçinin binada istilik sistemi quraşdırılıb, həyətdə qazanxana və su hovuzu tikilib, transformator qoyulub. Hazırda məktəbin həyətinə tamet döşənir, yaşıllıqlar salınır, idman meydançası qurulur.

Müasir standartlara cavab verən məktəb binası lazımi avadanlıq və inventarlarla təmin olunaraq yeni dərs ilinin ilk günü müəllimlərin və şagirdlərin istifadəsinə veriləcək.

Bundan başqa Bərdə şəhər 4 və 5 nömrəli, Mehdili, Xanağalı, Qaradırnaq, Kətəlparaq kənd tam orta məktəblərində əsaslı, Lənbəran, Bəcirəvan, Mollalı, Samux, Mehdixanlı, Muğanlı kənd tam orta məktəblərində cari təmir işləri aparılıb. Rayonun bütün ümumtəhsil məktəblərində səliqə-sahman yaradılıb, yaşıllıqlar salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə