Lənkəranda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib FOTOLAR

Lənkəranda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib  FOTOLAR

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində rayon müəllimlərinin 2014-2015-ci dərs ilinin yekunlarına və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunan konfransı keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, konfransda şəhər təhsil şöbəsinin müdiri Şahənə Əhmədovanın hesabat məruzəsi dinlənilib. Məruzədə 2014/2015-ci dərs ilində Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, qazanılmış uğurlar, habelə mövcud problemlər, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələr haqqında məlumat verilib.

Qeyd olunub ki, 2014/2015-ci tədris ilində rayonun 89 ümumtəhsil məktəbində 29505 nəfər şagirdin təlim – tərbiyəsi ilə 3780 nəfər müəllim məşğul olub. Son on iki ildə Lənkəranda 36 məktəb binası, dörd məktəb üçün əlavə korpus tikilib, dörd məktəb ən yüksək standartlar səviyyəsində təmir edilərək istifadəyə verilib. Təkcə keçən il şəhər 2 N-li tam orta məktəbinin 1200 yerlik binası əsaslı təmir olunub, 10 məktəb üçün – şəhər 8 N-li, Bəliton, Separadi, Xanbulan, Yuxarı Nüvədi. Tükəvilə kənd tam orta, Qurunba, Daşdalıqjar,Tütəpeştə və Şağlaser kənd ümumi orta məktəbləri üçün yeni binalar tikilərək dərs ilinin əvvəlində istifadəyə verilib. Məktəblərin latın qrafikalı əlifba ilə çap olunan bədii, elmi ədəbiyyatla, habelə pulsuz dərsliklərlə təminatı sahəsində işlər davam etdirilib, təkcə yeni dərs ili ərəfəsində 330 adda 82 min 323 ədəd dərslik, 197 adda 7350 ədəd bədii ədəbiyyat gətirilərək məktəblərə çatdırılıb. Keçən tədris ilində məktəbləri bitirən 1869 məzundan 910 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənədlərini SQK-lara təqdim ediblər. Onlardan 403 nəfəri, əvvəlki illərin məzunları ilə birlikdə 436 nəfəri ali məktəblərə qəbul olunub. Qəbul imtahanlarında 51 nəfər 500-dən yuxarı, 25 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bu il Darquba kənd tam orta məktəbi üçün 180 yerlik məktəb binası tikilib və yeni dərs ilində istifadəyə veriləcəkdir. Həmin təhsil müəssisələri müasir inventar və avadanlıqlarla, kompyüter texnologiyaları ilə təmin olunub.

Konfransda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs edib. Məruzə ətrafında müzakirələrdə şəhər Xarici dillər təmayüllü gimnaziyanın direktoru, Əməkdar müəllim Mənsur Ağayev, 690 balla Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olan şəhər 10 nömrəli tam orta məktəbin məzunu Lalə Cəfərli, valideynlər adından Rasim Bağırzadə çıxış ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dərs ilinin başlanması – Bilik günü münasibətilə bütün təhsil işçilərini təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb.

Son 12 ildə ölkəmizdə qazanılan uğurlardan, Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasından, iqtisadiyyatımızın dinamik inkişafından, bütün sahələrdə əldə edilən nailiyyətlərdən, iqtisadi potensialın insan kapitalına çevrilməsindən söz açan İcra başçısı daha sonra milli təhsilimizin formalaşdırılması istiqamətində son illərdə həyata keçirilən islahatlardan və struktur dəyişikliklərindən danışıb. Məktəblərimizin maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsindən bəhs edən Taleh Qaraşov Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb!" layihəsinin uğurla icra edilməsindən, son 3 ildə Lənkəranın ictimai-siyasi həyatında baş verən dəyişikliklərdən, o cümlədən yeni məktəblərin tikintisinin geniş vüsət almasından, möhtərəm Prezident İlham Əliyevin sərəncamlarından irəli gələn vəzifələrin Lənkəranda uğurla icra edilməsindən, rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin və ziyalıların rolundan ətraflı söz açıb, təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Mirbaba Babayev çıxış edərək yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb.

Bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan 25 nəfər məzuna qiymətli hədiyyələr təqdim edilib.

Keçən il möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi diplomları şəhər 4 nömrəli məktəb-liseyin müəllimi Gülzar Əliyevaya və Vilvan kənd tam orta məktəbinin müəllimi İlhamə Rəhimovaya, "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi diplomu şəhər 4 nömrəli məktəb-liseyin direktoru Yeganə Əsgərovaya təqdim olunub.

Konfransda qarşıdakı dərs ilinə hazırlıq, təhsilin keyfiyyətinin daha da yüksəldilməsinin zəruriliyi, informasiya kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunması, istedadlı şagirdlərlə işin səmərəli təşkili və digər aktual məsələlər ətraflı müzakirə olunub.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət ünvanlandı.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə