"Azərbaycan tarixi” TQDK-nın vəsaiti deyil RƏSMİ AÇIQLAMA

Bu günlərdə "Didaktika" adlı bir nəşriyyat tərəfindən hazırlandığı qeyd olunmuş "Azərbaycan tarixi" məlumat kitabı barədə bəzi saytlarda və sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Qeyd olunan vəsaitin giriş hissəsində onun TQDK-nın qəbul proqramları əsasında hazırlandığı qeyd olunub.

Bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, TQDK-nın qəbul proqramı əsasında hazırlandığı iddia olunan "Azərbaycan tarixi" məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur. Komissiya tərəfindən hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul proqramları hazırlanaraq dekabr ayında nəşr olunur. 2016-cı il üzrə qəbul proqramları hələ ki, hazırlanmayıb, buna görə də qeyd olunan vəsait qəbul proqramına uyğun ola bilməz.

Abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda özlərinin nəşr etdikləri vəsaitləri abituriyentlər arasında daha etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq istifadə edir, bunun TQDK-nın proqramı əsasında və ya TQDK-nın ekspertləri tərəfindən hazırladığını iddia edir. Qeyd edək ki, abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert Şurası tərəfindən hazırlanan tədris vəsaitləri yalnız "Abituriyent" jurnalına əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bundan başqa, TQDK-nın heç bir hazırlıq kursu ilə əlaqəsi yoxdur.

İctimaiyyətin nəzərinə bir daha çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan "Vəsait" də bu qəbildən olmaqla Komissyaya heç bir aidiyyatı yoxdur.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...