ABŞ nümayəndə heyəti ADU-da oldu

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ABŞ-ın Kanzas ştatının nümayəndə heyəti ilə görüş keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatı Asim Mollazadə və universitetin professor-müəllim heyəti iştirak edib.

Giriş sözü ilə çıxış edən rektor, professor Səməd Seyidov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirib. Universitet haqqında qonaqlara məlumat verən rektor burada 22 dilin tədris olunduğunu qeyd edib. Rektor Səməd Seyidov, eyni zamanda universitetdə fəaliyyət göstərən müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. O, bu mərkəzlərdə tələbələrin həmin ölkələrinin dili, tarixi, mədəniyyəti, incəsənəti haqqında geniş məlumatlar əldə etdiklərini sözlərinə əlavə edib.

ADU-nun İnformasiya Resurs Kompleksinin nəzdində fəaliyyət göstərən Amerika Mərkəzinin fəaliyyətindən söz açan rektor buradan, nəinki ADU tələbələrinin, eyni zamanda digər universitet tələbələrinin də istifadə etdiklərini vurğulayıb. O, mərkəzin Azərbaycan-Amerika əlaqələrində, ADU ilə ABŞ universitetləri arasında əməkdaşlığında əhəmiyyətli rolu olduğunu bildirib. Rektor, professor Səməd Seyidov hər il Amerika Birləşmiş Ştatlarının öndəgedən universitetlərində təhsil alan bir qrup tələbənin ADU-da Azərbaycan dilini, mədəniyyətini, tarixini öyrəndiklərini qonaqların diqqətinə çatdırıb.

Milli Məclisin deputatı Asim Mollazadə ölkələrarası əlaqələrin təhsil sahəsində də uğurlu olduğunu bildirdi. O, qonaqlara Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini əks etdirən materiallar və CD təqdim edib.

Beynəlxalq Əlaqələr üzrə prorektor, professor Jalə Qəribova Azərbaycan ilə ABŞ arasındakı münasibətlərin təhsil sahəsində olan əməkdaşlıq üçün vacib olduğunu qeyd etdi. O, Amerika Birləşmiş Ştatlarının bir neçə universiteti ilə ADU-nun əməkdaşlıq etdiyini bildirdi.

Professor Jalə Qəribova ABŞ-ın İndiana universitetində amerikalı tələbələrə Azərbaycan dilinin tədris olunduğunu vurğulayıb.

ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva qonaqlara İRK haqqında ətraflı məlumat verib. O, ötən il mərkəzin nəzdində Amerika Uşaq Mərkəzinin açıldığını da qeyd edib. Şəhla Xudiyeva mərkəzdə bir çox seminarların, dəyirmi masaların keçirildiyini, səfirlik əməkdaşlarının universitet tələbələrinə mühazirələr oxuduqlarını bildirib.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar universitetdə olmaqdan məmnun olduqlarını dilə gətirdilər. Onlar belə görüşlərin ölkələrarası əlaqələrin inkişafında mühüm rol oynadığını bildiriblər.

Görüşdən sonra qonaqlar İnformasiya Resusr Kompleksinin (İRK) fəaliyyəti ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə