Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə dair mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda iştirak edən TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ilk öncə tələbə adı qazanan gəncləri təbrik edib.
Elnur Nağızadə qeyd edib ki, artıq avqust ayının 12-də ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib: "Tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir. Qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub. Ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak edib. Onlardan 32276 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da birinci mərhələ üzrə qəbul planının 83,2 faizinin dolduğunu göstərir. Həmin şəxslərin də 27541 nəfəri orta ümumtəhsil müəsisələrini 2015-ci ildə bitirən məzunlardır. 6555 yer ümumilikdə dövlət və özəl ali təhsil müəsisələri üzrə boş qalıbdır. Həmin ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaqdır. Boş qalan yerlərə qəbul olmaq abituriyentlərin nəzərinə çatdıraq ki, avqust ayının 14-dən 19-na qədər olan müddətdə internetlə ixtisas seçmə aparılacaq və müsabiqədə iştirak etmək hüququ olan şəxslər həmin ixtisasları seçərək ərizələrində qeyd edə bilərlər".
E.Nağızadə həmçinin kolleclərə qəbul prosesinə də toxunub. O, qeyd edib ki, eyni qayda 11 illik təhsil bazasında kolleclərə qəbulda da tədbiq ediləcək: "Bu il kolleclərə 11 illik təhsil bazasında qəbul buraxılış imtahanının əsasında həyata keçirilib və kimlər ki müsabiqədə iştirak etmək hüququna milikdir onlar avqustun 14-dən 19-na qədər kolleclərin ixtisaslarını seçə bilərlər. Eyni ərizə formasında həm ali təhsil müəssisəsinin boş qalan yerlərini, həm də orta ixtisas təhsili müəsissələrinin ixtisaslarını göstərmək mümkündür. Bununla da ali təhsil müəsissələrinə qəbul başa çatmış olacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB